ABŞ-ın ehtiyatlarının azalması nefti bahalaşdırır

Birjalarda neftin qiyməti 55-56 dollar arasında sabitləşir. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir bareli 55,83 dollardan satılıb. Qərbi Texas nefti isə 49,95 dollara təklif olunur. İki marka arasında qiymət fərqinin 6 dollara yaxın olması ABŞ-ın bazarda qiymətlərin müəyyənləşməsində təsir imkanlarını hələ bərpa etmədiyini göstərir.

 

ABŞ Energetika Nazirliyinin ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair son hesabatı qiymətlərin bahalaşmasını dəstəkləyib. Hesabata əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatlarının həcmi 1,3%, yaxud 6 milyon barel azalıb. Hazırda ölkədə 465 milyon barel kommersiya neft ehtiyatı var. Benzin ehtiyatlarının həcmi isə həftə ərzində 1,64 milyon barel artaraq 219 milyon barelə çatıb. Bu, ölkənin neft emalı müəssisələrinin tam gücü ilə işləməyə başladığından xəbər verir.

 

Hazırda neftin qiyməti iqtisadi deyil, daha çox siyasi amillərin təsiri ilə müəyyən olunur. Rusiya prezidenti Vladimir Putinin Bərzani bölgəsindən neft daşımalarının dayandırılmasına qarşı çıxması qiymətlərə ciddi təsir göstərə bilər. Bu açıqlamadan sonra Türkiyənin Şimali İraqdan neft daşımalarını dayandırması ehtimalı azalıb. Səudiyyə Ərəbistanı kralının Moskvadakı görüşlərində veriləcək bəyanatlar, xüsusilə qlobal neft paktının gələcəyinə dair açıqlamalar neftin qiymətinə pozitiv təsir göstərə bilər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR