"Nizami" metro stansiyasında əsaslı təmir-bərpa işləri yekunlaşdı

"Nizami" metro stansiyasında bir ilə yaxındır davam edən əsaslı təmir-bərpa işləri artıq yekunlaşıb.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev APA TV-yə bildirib ki, təmir-bərpa işləri sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb: "İlk olaraq stansiya yollarındakı divarların mərmər örtüklərini dəyişdirmişdik. Daha sonra isə platforma səviyyəsində, eyni zamanda yardımçı otaqların təmir və bərpa aparmışdıq. İlk növbədə havalandırmanın normal şəkildə təmin edilməsi üçün müxtəlif tədbirlər görüldü".

 

Nəsimi Paşayev bildirib ki, Nizami Gəncəvinin adını daşıyan stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub: "Burada xalq rəssamı Mikayıl Abdullayevin Nizaminin "Xəmsə"sindən ibarət 18 mozaik panosu var. Əsas məqsədlərimizdən biri bunların bərpası idi. 1976-cı ildə istifadəyə verilmiş bu stansiyada çətin geoloji şəraitə uyğun olaraq korroziya baş alıb gedirdi. Həmin bu mozaik panoların arxasında dəmir konstruksiya var, onlar tamamilə sıradan çıxmışdı. İlk növbədə onlar tamamilə yenisi ilə əvəz olundu. Bizim mozaik panoların üzərində qopmuş daşlar vardı. Həmin daşların eynisinin tapılıb yerinə qoyulması həyata keçirildi. Bütün bu işlərlə mütəxəssislər məşğul olublar".

 

Stansiyanın işıqlandırılması ilə də bağlı əsaslı işlər görülüb. Tavanın çilçıraqları tam bərpa edilib.


Qeyd edək ki, metronun “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq. Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR