Xırdalan su altında - SAKİNLƏR EVLƏRİNDƏN ÇIXA BİLMİR

Ölkə ərazisində bir neçə gündür aramsız yağan yağışlar fəsadsız ötüşməyib.

 

Hava şəraiti kəskin pisləşməsi Xırdalan şəhərinin Quşçuluq massivində də olduqca acınacaqlı vəziyyət yaradıb: "17 ildir bu vəziyyətlə baş-başayıq. Müraciət etmədiyimiz yer qalmayıb. Xəstəmiz, qocamız və körpə uşaqlarımız var".

 

İnsanlar hətta çörək almaq üçün də evdən bayıra çıxa bilmirlər. Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməksiz vəziyyətdə qalan insanları çörəklə pulsuz təmin edib: "Belə yaşayış olmaz. Uzun illərdir bu əziyyəti çəkirik. Hər il ev təmir edirik. Evlər yaşanılmaz hala gəlir. Evdən çıxa bilmirik. Çörəyi bizə FHN gətirir".

 

Yağış nəticəsində yaranan süni göllər insanların gediş-gəlişinə problem yaradır.

 

Bu kadrları paytaxtdan o qədər də uzaq olmayan Xırdalanda qeydə almışıq. Vəziyyət olduqca acınacaqlıdır. Küçələr keçilməz həddədir. Bundan başqa, evlər də su altında qalıb.

 

Gördüyünüz bu mənzərəni Həsənbəy Zərdabi küçəsində qeydə almışıq. Uzun illərdir burda yaşayan sakinlərin evləri su altında qalıb. Ev sahiblərinin ətraf aləmlə əlaqəsi demək olar ki, tamamilə kəsilib.

 

İnsanlar evlərinə dolan sudan xilas olmağın yollarını axtarırlar: "Körpə nəvəmi səhər evdən güclə qonşuların köməyi ilə çıxarmışıq. Baxın, ev qaz sobası hündürlüyündə suyun altındadır. Nə baxan var, nə kömək edən. Hara gedək, hara üz tutaq? Bizə deyirlər ki, niyə burda yaşayırsız. Harda yaşayaq? Bütün kommunal xərcləri vaxtında ödəyirik. Buna baxmayaraq, kanalizasiya xətləri hər il bizi bu günə qoyur. Gəlib su çəkiblər, kanalizasiya xətləri yarımçıq qalıb. Evdən 3 gündür bayıra çıxmırıq".

 

Bu mənzərəni ifadə etmək üçün sözə gərək yoxdur, gözlə görmək kifayətdir.

 

Aidiyyəti qurumlar isə susur. Problemin nə vaxt aradan qaldırılacağını bilmək üçün üz tutduq Abşeron Rayon İcra Hakimiyyətinə. Gəlişimiz nahar vaxtına təsadüf etdiyindən, cavabdeh şəxslərlə görüşümüz baş tutmadı.

 

İcra başçısının müavini İlham Quliyevlə əlaqə saxladıq. O, problemin aradan qaldırılması üçün artıq Fövqəladə Hallar Nazirliyinə məlumat verildiyini dedi. Qeyd etdi ki, sakinlərin ərazidən köçürülməsi ilə bağlı heç bir tədbir görülməyəcək, sadəcə, yanğınsöndürənlər günün sonunadək evlərdən suyun çəkilməsi işini başa çatdıracaqlar.
 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolub. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb olunub. Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR