Bakıda daha bir yol çökdü

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonunun Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb.


APA TV-nin məlumatına görə, hadisə yerinə dərhal Nizami Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və "Azəravtoyol" ASC-nin əməkdaşları cəlb olunublar.

 

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çirkab suları yol yatağını yuyub apardığından, yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi yolun bərpası istiqamətində addımlar atılacaq.

 

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə bildirib ki, qəza baş verən ərazidə yerin altında olan kollektor 50-60 il əvvəl, 8 km qəsəbəsi salınan vaxt çəkilib. İstismar müddətini bitirdiyindən, kollektor partlayıb və yolda çökmə olub: "Bizim mütəxəssislər araşdırma aparacaq, əgər ətraf ərazilərdə də belə qəzalı yerlər varsa, onları yeni dəmir borularla yenilənəcək. Bundan sonra yol təmir olunacaq və hərəkət təmin olunacaq". 


Qeyd edək ki, küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərini davam etdirirlər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR