Dövlət Komitəsi: Azərbaycanda kişilər də ailədə zorakılığa məruz qalır
“Məlumat bankına toplanmış məlumatların təhlili nəticəsində məlum olub ki, 85,5 faiz qadın məişət zorakılığı ilə bağlı zorakılığa məruz qalır. Bu təkcə qadınlara aid deyil, Azərbaycanda kişilər də ailədə zorakılığa məruz qalırlar”.
APA TV-nin xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova “Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə” layihəsi çərçivəsində yaradılmış Məişət zorakılığı ilə bağlı məlumat bankının təqdimat mərasimində deyib: "Zorakılığa məruz qalanlar arasında yetkinlik yaşına çatmayan uşaqlar da var. Bu da bir növ uşaq hüquqlarının müdafiəsi baxımından çox vacib bir məqamdır. Narahatlıq ondan ibarətdir ki, bu təhlil nəticəsində məlum oldu ki, zorakılığa məruz qalan yetkinlik yaşına çatmayanların 3,5 faizi, ümumiyyətlə, təhsil almır, yəni məktəb yaşlı uşaqlar olmasına baxmayaraq hazırda məktəbə getmirlər. Bunların arasında 1,7 faiz uşaq məktəblidir".
Aynur Veysəlova bildirib ki, məişət zorakılığına məruz qalanların 74,3 faizi evlidir. Qadınların 68,4 faizi öz ərləri, 12,1 faizi keçmiş həyat yoldaşları, 11,9 faizi qeyri-rəsmi yaşadığı kişilər tərəfindən zorakılığa məruz qalır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Ona görə də qadınların, xüsusilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə Əhali Fondunun baş müşaviri Fərid Babayev bildirib ki, məlumat bankı məişət zorakılığından əziyyət çəkən insanların dinamikasını izləməyə imkan yaratmaqla, bu sahədə həyata keçirilən tədbirlərin nə qədər səmərəli olduğunu qiymətləndirməyə yardım edəcək.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru xanım Mikaela Meredis qeyd edib ki, məlumat bankının yaradılması məişət zorakılığının qarşısının alınması istiqamətində atılmış mühüm addımdır. O, dünyada hər 3 qadından birinin döyüldüyünü vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub