Ukraynanın xarici işlər naziri: "Bunun adı işğaldır"
"Azərbaycan-Ukrayna əlaqələri strateji xarakter daşıyır". APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkinlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir görüşdə ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunduğunu bildirib: "Nəqliyyat sahəsində əlaqələri də müzakirə etdik. Nəqliyyat layihələri iqtisadi baxımdan çox önəmli və maraqlıdır. Gələn ay iki ölkə arasında hökumətlərarası komissiyanın iclası olacaq".
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin bildirib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığında kifayət qədər nəzərə çarpan nəticələr var: "9 ayda 2016-cı ildən daha yüksək nəticə əldə etmişik. Artım 66 faizdir. Turizm sahəsində də qarşılıqlı artım müşahidə olunur. Biz nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Tranzit daşımalarında 5 dəfədən çox artım var".
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə dəstək verməyə sadiq olacağını vurğulayıb: "Biz azərbaycanlı dostlarımızı hamıdan daha yaxşı başa düşürük. Çünki bu işğaldır".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də GUAM-ın 20 illiyinin Tbilisidə xarici işlər nazirləri səviyyəsində qeyd ediləcəyini bildirib. Onun sözlərinə görə, GUAM-a üzv ölkələr planlaşdırılan nəqliyyat dəhlizinin üzərindədir: “Bu da bizə kömək edir ki, ölkələrin nəqliyyat, dəmiryol, sərhədlə bağlı qurumlarının rəhbərləri bu çərçivədə geniş müzakirələr aparsınlar. Münaqişələrlə bağlı dörd üzv ölkə əziyyət çəkir. Bu ölkələrin hamısı beynəlxalq təşkilatlarda eyni mövqedən çıxır edir”.
Pavlo Klimkin isə deyib ki, GUAM ölkələrinin oxşar siyasi hədəfləri var: “Hər bir üzv ölkənin parlaq iqtisadi gələcəyi var. Burada nəqliyyatla yanaşı, bir sıra əhəmiyyətli əməkdaşlıq sahələri var".
Nazirlər regiondakı münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həllinə tərəfdar olduqlarını da bəyan ediblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub