Bakıda yol çökdü - SƏBƏB

Yağışların başlaması ilə paytaxtın yol problemi yenidən baş qaldırıb. Bu dəfə hansısa kənar qəsəbədən yox, Yasamal rayonundakı "Musabəyov parkı" kimi tanınan parkın yaxınlığından keçən Mirəli Seyidov küçəsindəki yolda çökmə qeydə alınıb.

 

Bu da təbii ki, ilk olaraq yoldan mütəmadi istifadə edən sürücülərin cibinə təsir göstərib. Sürücü Allahverdi Əliyev belə deyir: "Maşınlara çox ziyan eləyir. Belə yollara gəlib düşürsən, birdən oturur maşın yerə. Asfaltlamırlar, eləmirlər, altı boşdur. Maşın batır yerə, "peredok"a da ziyan eləyir".

 

Digər sürücü Muxtar Məmmədov isə belə yolları tıxacların artma səbəblərindən biri sayır: "Birinci növbədə tıxac yaradır. Bundan əlavə, özünüz nəzər salsanız, küçə palçığın içindədir. Yəni onu asfaltlamaq problem deyil. Mənə belə gəlir ki, ora tez bir zamanda asfaltlanar".

 

Sürücülər həm də müvafiq qurumların yollarda işlər tamamlandıqdan sonra qazılan hissəni təmir etməli olduğunu yada salır: "Səhər üç saat tıxacda qalmışıq. Avtobuslar ilişib qalmışdı orada. Biz də onlara görə əziyyət çəkirik. Qazırlar, düzəltmirlər. Səhər üç avtobus oturmuşdu burada".

 

"Yol mədəniyyətdir" prinsipinə söykənib vətəndaşları bu mədəniyyətə kimin qovuşdurmalı olduğunu öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə üz tutduq. Qurumun memarı Eyvaz Bağırov bunları dedi: "Həmin ərazidə yaxınlıqda bina tikintisi aparan "Etibar İnşaat" MMC tərəfindən yaxın günlərdə qazıntı işləri aparılıb. Bu, kommunikasiyaların qoşulması ilə əlaqədar olub. Bildiyiniz kimi, belə işlər görüləndən sonra tam bərpa işləri görülməli, yol əvvəlki vəziyyətinə qaytarılmalıdır. Orada qazılmış çala doldurulub, lakin işlər tam keyfiyyətlə başa çatdırılmayıb".

 

Eyvaz Bağırov qeyd edib ki, yaranmış vəziyyət nəqliyyatın hərəkətinə çətinlik yaratsa da, ərazidə yol qəzaları qeydə alınmayıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR