Prezident İlham Əliyev: "Qadın voleybolumuz birinci yerdədir"

Oktyabrın 3-də Azərbaycan prezidenti İlham Əliyev qadınlar arasında voleybol üzrə Avropa çempionatında dördüncü yeri tutan milli komandamızın heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, prezident İlham Əliyev Avropa çempionatında layiqli çıxış etmələri münasibətilə milli komandamızın heyətini təbrik edib. Bildirib ki, milli komandamızın çıxışı bütün azarkeşlərə böyük sevinc bəxş edib.

 

Çempionatın yalnız Bakıda deyil, həm də regionda - Göygöl şəhərində keçirildiyinin əlamətdar olduğunu vurğulayan dövlət başçısı deyib ki, bu, bizim idman infrastrukturunun inkişafını göstərir. Bütövlükdə Azərbaycan dünya Olimpiya ailəsində artıq öz layiqli yerini tutub.

 

“Əsasən bizim idman uğurlarımız fərdi idman növlərində qazanılıb. Komanda növlərində isə hesab edirəm ki, qadın voleybolu birinci yerdədir”, - deyən dövlət başçısı vurğulayıb ki, bunu milli komandamızın oyunu və əldə edilən nəticə də göstərib. Avropada 4-cü yeri qazanmağın böyük nailiyyət olduğunu bildirən prezident İlham Əliyev komandamızın yüksək məharət göstərdiyini və yarımfinal oyununda qələbəyə yaxın olduğunu söyləyib.

 

Prezident İlham Əliyev milli komandanın baş məşqçisi Faiq Qarayev başda olmaqla məşqçi kollektivinin əməyini qeyd edib. Faiq Qarayevin uzun illər ərzində dünya voleybolunda böyük nüfuz qazandığını, komandamıza uğurla rəhbərlik etdiyini vurğulayan dövlət başçısı Azərbaycanda müasir qadın voleybolunun inkişafının onun adı ilə bağlı olduğunu deyib. Prezident İlham Əliyev həmçinin idmançılar üçün yaxşı şərait yaradılması istiqamətində Voleybol Federasiyasının təşkilatçılıq fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə qalxdığını bildirib. Dövlət başçısı idmançılarımızın gələcəkdə də bizi yaxşı nailiyyətlərlə sevindirəcəklərinə əminliyini ifadə edib.

 

Çempionat keçirilən müddət ərzində göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirən milli komandanın üzvü Valeriya Məmmədova prezident İlham Əliyevin komandanın çətin və sevincli anlarında yanında olduğunu vurğulayıb.

 

Milli komandanın baş məşqçisi Faiq Qarayev göstərdiyi dəstəyə və diqqətə, həmçinin onun haqqında dediyi xoş sözlərə görə dövlət başçısına komanda adından təşəkkürünü bildirib. “Əlbəttə, biz indi Sizin yanınıza medalla gəlmək, Sizi daha çox sevindirmək istərdik,” - deyən Faiq Qarayev komandamızın bundan sonra da yeni qələbələr qazanmaq üçün bütün səylərini əsirgəməyəcəyini deyib.

 

Voleybol Federasiyasının prezidenti, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə milli komandamıza göstərdiyi dəstəyə, həmçinin idmanın bu növünün inkişafı üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

 

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın dünyanın güclüləri sırasında olduğunu deyən prezident İlham Əliyev komandamıza yeni-yeni uğurlar arzulayıb.

 

Sonra milli komandamızın üzvləri dövlətimizin başçısına xatirə hədiyyələri təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR