Bakı Bulvarında qadın polislər xidmətə başladı

Sentyabrın 30-dan Bakıda Dənizkənarı Milli Parkda qadın polislər kişi həmkarları ilə birlikdə xidmətə başlayıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, qadın polis əməkdaşları əhalinin və turistlərin ən çox istirahət etdiyi yerlərdən olan Dənizkənarı Milli Parkda təhlükəsizliyin, əmin-amanlığın formaca yeni müstəvidə təmin edilməsi məqsədilə bayram və istirahət günlərində xidmətə cəlb ediliblər.

 

Xidmətdən əvvəl onlara müvafiq təlimat verilib, insanlarla ünsiyyət zamanı Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksinin müddəalarının xüsusi diqqətdə saxlanılması, polisin işgüzar imicinin və yüksək nüfuzunun qorunmasının vacibliyi bir daha nəzərlərinə çatdırılıb.

 

Hazırda daxili işlər orqanlarında 3300-ə yaxın qadın əməkdaş xidmət aparır. Onlar əsasən Daxili Qoşunlarda, Əlahiddə Çevik Polis Alayında, istintaq, təhqiqat, kadrlar və yetkinlik yaşına çatmayanlarla iş, pasport-qeydiyyat, informasiya-kommunikasiya, statistika, beynəlxalq əməkdaşlıq, maliyyə, tibb, təhsil, kargüzarlıq sahələrində, “102” və “Təhlükəsiz Şəhər” qurumlarında, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR