Xocavəndin işğalından 25 il ötür
Bu gün Xocavənd rayonunun işğalından 25 il ötür. 2 oktyabr 1992-ci ildə düşmənin 1458 kvadrat kilometr ərazimizi işğal etməsi nəticəsində 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənd Ermənistanın nəzarəti altına keçib.
Xocavəndlilərin çətin günləri 1988-ci ildən başlayıb. Rayon 1992-ci ilin oktyabrın 2-dək 145 şəhid verib ki, bunlardan 13 nəfəri qadın, 13 nəfəri isə uşaq olub.
Beyləqan və ölkənin 40-dək rayon və şəhərində məskunlaşan minlərlə xocavəndli bu gün Beyləqan rayonunda bir aya gələrək, Yeni Xocavənd qəsəbəsində torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət etdi.
Xocavənd sakini Şaiq Aslanov deyir ki, o çətin günləri unutmayıblar. Çünki özlərinin əldə etdikləri müxtəlif növ silahlarla dədə-baba torpağını qorumağa çalışıblar. Özü də son nəfəslərinədək: "Bütün bu ağrı-acını ləyaqətlə dəf etdik igidlik, qəhrəmanlıq sayəsində. Yəni daha böyük faciələrdən yayına bildik. Həmin dövrdə az güclə, kiçik silahlarla düşmənə müqavimət göstərirdik. Amma bu bizim borcumuz idi. Çünki öz dədə-baba yurdumuzu qoruyurduq".
Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa və Xocalı ilə həmsərhəddir. Üzümü və yaşıl mərməri ilə məşhur olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərəvəzçilik olub. Arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bitkiləri bu torpaqlarda bol məhsul verib. Antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngin olan Xocavənd rayonu dünyada ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə sahibdir.
Qeyd edək ki, 1992-ci il oktyabrın 2-də Xocavənd rayonunun işğalı nəticəsində 1723 yaşayış evi, 47 sənaye, 32 səhiyyə, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağılaraq məhv edilib. Ümumilikdə Azərbaycana 1 milyard ABŞ dollarından çox ziyan vurulub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub