Prezident İlham Əliyev Qobustan rayonunda səfərdə olub
Prezident İlham Əliyev oktyabrın 2-də Qobustan rayonunda səfərdə olub. APA TV-nin xəbərinə görə, dövlət başçısı əvvəlcə yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında iştirak edib.
Prezident uşaq bağçası binasının rəmzi açılışını bildirən lenti kəsib. Qobustan şəhər uşaq bağçasının binasında inşaat işləri 2017-ci ilin avqustunda başa çatdırılıb. Ümumi sahəsi 826 kvadratmetr olan uşaq bağçasının binası 2 mərtəbəlidir. Burada 4 tədris və 4 yataq otağı var. Otaqların hamısı zəruri avadanlıq, o cümlədən yumşaq və bərk inventar, əyani vəsaitlərlə təchiz olunub. Bundan başqa, binada həmçinin oyun zalı, 2 kompüter otağı, həkim otağı, mətbəx də var.
Dövlət başçısı Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun açılışında iştirak edib.
Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Cəngi-Bədəlli hissəsi layihəyə uyğun olaraq dörd zolağa genişləndirilib. Yolun ümumi uzunluğu 46 kilometr, eni isə 27,5 metrdir. Yol birinci texniki dərəcəyə aiddir. Layihə çərçivəsində yolboyu 16 yeraltı və 6 yerüstü piyada keçidi tikilib. Layihəyə əsasən yolboyu Ceyrankeçməz çayı üzərində uzunluğu 47,5, ümumi eni isə 30 metr olan körpü də inşa olunub.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib.
Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib. Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolun əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq.
Bu yol 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək "40 yol" layihəsindən biridir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq "40 yol" layihəsinin nəticəsində 100 minlərlə sakin müasir səviyyədə inşa edilən yollardan istifadə edərək rahat və təhlükəsiz şəkildə mənzil başına çatacaq.
Prezident İlham Əliyev Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub