Milli Məclisin payız sessiyası başladı
Milli Məclisin 2017-ci ilin payız sessiyasında ilk plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclas dövlət himninin səsləndirilməsi ilə açılıb.
İclasa spiker Oqtay Əsədov sədrlik edib. Gündəliyə 34 məsələ daxil edilib.
Qanun layihələrinin müzakirələrindən əvvəl millət vəkilləri cari məsələlərə diqqət çəkiblər.
Payız sessiyasının iclasında ilk söz alan deputat Siyavuş Novruzov olub. O bildirib ki, Milli Məclisdə QHT-lərlə bağlı qanunlara edilən əlavə və düzəlişlər beynəlxalq təşkilatlara düzgün formada çatdırılmalıdır.
Millət vəkili əlavə edib ki, beynəlxalq təşkilatlar qəbul edilən qərarları müxalifət mənbəyindən, ölkəmizi istəməyənlər tərəfindən deyil, beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edənlərin dilindən düzgün şəkildə öyrənməlidir: "Onlar düşünməməlidir ki, Azərbaycanda hansısa təşkilatın fəaliyyəti məhdudlaşdırılır. Azərbaycan prezidentinin apardığı uğurlu siyasət, ölkədəki sabitlik, iqtidar-xalq birliyi, Azərbaycan vətəndaşlarının ölkə başçısını dəstəkləməsi bəzi qüvvələri narahat edir. Bunun nəticəsidir ki, son vaxtlar ölkəmiz haqqında müxtəlif bəyanatlar verilir, xarici mətbuatda müxtəlif yazılar dərc edilir. Bununla bağlı həm deputatlar, həm də ictimaiyyət nümayəndələri öz mövqelərini ortaya qoyublar. Bu qərəzçilik aradan qaldırılmalıdır".
Millət vəkili bildirib ki, artıq qərəzçilik beynəlxalq təşkilatlara da sirayət edib və bunun nəticəsində ölkəmizə qarşı ikili standartlar tətbiq olunur: "Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkilatların üzvüdür, lakin heç bir öhdəlik yerinə yetirmir. Belə olan halda, onlar haqqında heç bir iş görülmür. Son vaxtlar Avropa Şurasında istiqamət Azərbaycan və Türkiyəyə yönəlib. Bu da ölkəmizin düzgün, müstəqil siyasətinin bariz nümunəsidir".
"Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı "qara siyahı"sında 649 şəxsin adı var" - deyən Qənirə Paşayeva isə bildirib ki, təəssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk Qrupuna aid olan ölkələrin vətəndaşının olmasıdır: "Azərbaycan XİN-in siyahısında yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşlarıdır. Bu, narahatedici məqamdır. Biz bununla bağlı həmin ölkələrin səfirlərinə müraciət edir və onların təbliğatına böyük ehtiyac olduğunu bildiririk. Çox təəssüf ki, Minsk Qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə, sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altındakı torpaqlarımıza icazəsiz səfər edir. Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkilləri olduğunu görürük. Son 5 ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, işğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir".
Milli Məclisin spikeri Oqtay Əsədov ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fəaliyyətindən danışıb. Oqtay Əsədov Kristian Vigenini sərt tənqid edib, əlavə edib ki, o, bu yaxınlarda Bakıda olub, sonra Ermənistana səfər edib: "Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigenini kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. Ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk Qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır".
Spiker Azərbaycan prezidentinin BMT tribunasından çıxış edərkən Qərb təşkilatlarının ikili standartlara yol verdiyini bəyan etməsini də xatırladıb.
İclas müzakirələrlə davam edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub