Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Bu gündən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci tədris ili üzrə məşğələlərə start verilib.
APA TV-nin xəbərinə görə, məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar 20 nömrəli məktəb-liseydə keçirilən tədbirdə idarənin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova bildirib ki, bu tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən artıq məktəbəhazırlıq qrupuna 22 mindən çox uşaq müraciət edib: “Ötən il 55 faiz uşaq cəlb etmişdiksə, bu il məktəbəhazırlıq yaş qrupunda olan 65 faiz uşağın məktəbəhazırlıq qruplarında dövlət hesabına ödənişsiz qaydada təhsil almasını təmin edəcəyik. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib”.
Onun sözlərinə görə, bu il paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki hazırlıq qruplarına daha çox uşaq cəlb edilib. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.
Qeyd olunub ki, qruplarda təhsil alanlar üçün ev tapşırığı nəzərdə tutulmur və onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur. 8 ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.
Daha sonra uşaqlar sinif otaqlarına yerləşdirilib və ilk dərs tədris edilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub