Bakıda Fəlakətin azaldılması üzrə Asiya Konfransı keçirilir

Bakıda Fəlakətin azaldılması üzrə Asiya Konfransı keçirilir

 

Bakıda Fövqəladə Hallar Nazirliyi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi və Yaponiya Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Fəlakətin azaldılması üzrə Asiya Konfransı - 2017" işə başlayıb.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, ölkələr fəlakət risklərini səmərəli idarə etmək üçün fəaliyyətlərini əlaqələndirməlidir: "Hər hansı bir dövlət təkbaşına fövqəladə halların qarşısını almaq gücünə malik deyil. Bütün ölkələrin öz güclərini birləşdirməsi və təcrübə mübadiləsi vacibdir. Bu baxımdan FHN beynəlxalq əməkdaşlığın inkişafında maraqlıdır. Dünyanın 180 ölkəsi ilə birlikdə Azərbaycan da AFAM-ın 2015-2035-ci il proqramına qoşulub. Fəlakət risklərini effektiv idarə etmək üçün fəaliyyətlərimizi əlaqələndirməliyik".

 

Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin sədri, professor Masanori Hamada tədbirin təşkili və qonaqpərvərliyə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə təşəkkür edib: "Əməkdaşlığımızın əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə və qlobal səviyyədə iqlim dəyişikliyi ilə bağlı proseslərdir. Bu kimi tədbirlərin əsas məqsədi isə üzv dövlətlər arasında ümumi anlaşmaların və əməkdaşlığın inkişaf etdirilməsidir. Təbii fəlakətlər baxımından Azərbaycanla Yaponiya arasında bir çox oxşar cəhətlər var. Təbii fəlakətlərdən yaranan problemlərdən topladığımız təcrübəni Azərbaycanla bölüşməyə hazırıq".

 

Yaponiya baş nazirinin müavini Mamoru Maekava qeyd edib ki, fəlakət risklərinin azaldılması üçün müvafiq strategiyalar hazırlanmalıdır. Yaponiyada fəlakət risklərinin azaldılması üçün müvafiq tədbirlər planı var: "Hər ilin iyun ayında fəlakətlərə dayanıqlığın artırılması üçün infrastrukturun inkişafı və çevik planların hazırlanması üçün Yaponiyada toplantı keçiririk. Yaponiya bu sahədə digər ölkələrin təcrübəsindən də yararlanmağa çalışır. İnanırıq ki, fəlakət risklərini azalda bilərik. Yeri gəlmişkən, Yaponiyada çoxsaylı zəlzələ baş verir. Elm və texnologiyanın inkişafı ilə əlaqədar biz bir neçə gün əvvəl baş verəcək zəlzələnin yerini və zamanını müəyyənləşdirə bilirik. Nəticədə fəlakət risklərini daha effektiv idarə etmək mümkün olur. Biz məlumatları seysmoloji stansiyalar vasitəsilə daha da təkmilləşdirə bilərik. Bu stansiyaların məlumatları bir mərkəzə daxil olur və biz bu məlumatları təhlil edərək daha dəqiq proqnoz müəyyənləşdirə bilirik".

 

Qeyd edək ki, konfrans iki gün davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR