Rəfail Mirzəyev yenidən MDB Dövlətlərarası Şurasının sədri seçilib
Bakıda Müstəqil Dövlət Birliyi ölkələrinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 30-cu iclası keçirilib.
APA TV-nin xəbərinə görə, toplantıya Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan nümayəndə heyətləri qatılıb.
İclasda Azərbaycanı fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə və nazirliyin Baş İdarə rəisinin müavini Gündüz Həmzəyev təmsil edir.
İclasın gündəliyi elan olunandan sonra R.Mirzəyev növbəti müddətə Şuranın sədri seçilib. Tədbirdə Şuranın 2016-2017-ci illərdəki fəaliyyətinin nəticələri müzakirə olunub. Bildirilib ki, MDB-nin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının ali orqanlarının qəbul etdiyi qərarlar uğurla yerinə yetirilir. Şura üzvləri fövqəladə halların idarə edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində MDB ölkələri arasında əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsini də müzakirə ediblər.
Eyni zamanda fövqəladə hallar sahəsində kadr hazırlığı üzrə sənədə əlavə və dəyişikliklərə baxılıb.
Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müqavilə - hüquqi bazanın inventarizasiyası da müzakirə edilib və 2017-2018-ci illərdə Dövlətlərarası Şuranın əsas fəaliyyət planının formalaşdırılması qərara alınıb.
İclasda Dövlətlərarası Şuranın 2016-2017-cı illər üçün nəzərdə tutulan əsas tədbirləri, növbəti iclasının keçiriləcəyi yer və iclasın gündəliyinin layihəsi razılaşdırılıb.
Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 31-ci iclasının Belarusda keçirilməsinə qərar verilib.
Gündüz Həmzəyev qeyd edib ki, Şuraya üzv ölkələr arasında fövqəladə hallar zamanı bir-birinə yardım etmək haqda plan var və bu plan əsasında qarşılıqlı yardımlar edilir: "MDB-yə daxil olan ölkələrin hər birinin fövqəladə hallar nazirləri, nazir müavinləri iclasda iştirak edirlər. İclasda fövqəladə hallar zamanı bir-birinə yardım etmək məsələləri müzakirə olunur. Çünki son illər texnogen və təbii fövqəladə halların baş verməsi daha çox müşahidə olunur. Plana əsasən, fövqəladə vəziyyət müşahidə olunarsa, hər nazirliyin özündə olan böhran vəziyyətlərində idarəetmə sistemləri bir-biri ilə əlaqə saxlayır, MDB məkanında imzalanmış sənədə əsasən yardımlar edilir".
İclasın sonunda gələcək əməkdaşlıqla bağlı müxtəlif sənədlər imzalanıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub