Müstəqillik arzusu, qarşıdurma və puç olan referendum - KATALONİYADA VƏZİYYƏT
Oktyabrın 1-də İspaniyanın Kataloniya əyalətində müstəqilliklə bağlı referendum keçirilib. Ölkə hakimiyyəti əvvəldə vəd versə də, referendum günü seçki məntəqələri açılmayıb. Polis qüvvələri məntəqə binalarını nəzarətə götürüb.
APA TV "RIA Novosti"yə istinadən xəbər verir ki, İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb. Polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub və səsvermə üçün qoyulan seçki qutularını yığışdırmağa başlayıb. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib.
Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilər.
Bəzi seçki məntəqələrində isə polislə toqquşmalar başlayıb. Toqquşmalarda 840-dan çox insan xəsarət alıb. Bu barədə yerli səhiyyə orqanları məlumat yayıb. Polis seçki məntəqələri yaxınlığına toplaşanlara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib.
Bir qədər sonra isə İspaniyanın baş nazirinin müavini Sorayya Saens de Santamariya Kataloniya muxtariyyətinin rəhbərliyinə referendumu dərhal dayandırmaları ilə bağlı müraciət edib və polisin müdaxiləsinin qanun çərçivəsində olduğunu qeyd edib.
Qeyd edək ki, Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə artıq başa çatıb. Səsvermədə seçicilərin 50%-dən çoxu iştirak edib. Referendumdan əvvəl keçirilən rəy sorğularında seçicilərin 41%-i muxtariyyətin müstəqilliyinin lehinə, 49%-i isə əleyhinə səs verəcəyini bildirib. Bu dəqiqələrə qədər isə 308 min bülleten hesablanıb. Məlumata görə, səs verənlərin 91 faizindən çoxu müstəqilliyin lehinə səs verib. Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki verilmir.
İspaniya hökuməti isə referendumu qanunsuz hesab edir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub