DGK sədri: "Problem digər qurumlarla da müzakirə olunacaq"

Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev Yevlaxda meyvə-tərəvəz ixracatçıları ilə görüşüb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, komitə sədrinin sahibkarlarla görüşü Heydər Əliyev sarayında baş tutub.

Yerli iş adamları komitə sədri ilə gömrük-keçid məntəqələrində qarşılaşdıqları çətinlikləri müzakirə edib. A.Əliyev vurğulayıb ki, Dövlət Gömrük Komitəsinin əsas hədəfi xarici ticarət dövriyyəsinin inkişafına  xidmət edir. Bu səbəbdən də xarici ticarətlə məşğul olan sahibkarların fikrini öyrənmək və gömrük sənədləşdirilməsində mövcud olan problemləri dinləyib həlli üçün çalışmaq çox vacibdir.

Toplantıda qeyd olunub ki, Azərbaycan dünya və MDB bazarlarında xurma və nar məhsulu ilə tanınır. İxracatçılar Azərbaycandan xarici bazarlara göndərilən məhsulun xüsusilə qablaşdırılmasında ciddi problemlə üzləşdiklərini dilə gətirib. Nar və xurma məhsulunun qablaşdırılması üçün hazırlanan taxta yeşiklərin çəkisi həddindən artıq ağır materialdan hazırlanır. Buna görə də istər gömrük-keçid məntəqələrində, istərsə də mənzil başına aparılan zaman məhsulun üçdə-biri qədər yeşiklərə vergi ödəmək məcburiyyətində qalırlar.

Məhsulun kefiyyətli yetişdirilməsi ilə yanaşı qablaşdırılması üçün də standart qabların hazırlanması təklif olunub. Jurnalistlərə açıqlamasında komitə sədri bildirib ki, iş adamlarının gömrüklə yanaşı digər problemləri də aidiyyəti qurumlarla müzakirə olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR