Vergilər Nazirliyi “Gilan Holding”in əməkdaşları üçün təlim keçib
"Gilan Holding" və Vergilər Nazirliyi tərəfindən "Gilan Holding"in əməkdaşları üçün "Vergi İslahatları: Təcrübə və qanunvericilik" adlı təlim təşkil edilib.
APA TV-nin xəbərinə görə, təlimin keçirilməsində əsas məqsəd "Gilan Holding"də və qrupa daxil olan şirkətlərdə fəaliyyət göstərən mühasiblər və maliyyə işçiləri, həmçinin auditor və məsləhətçilər üçün vergi qanunvericiliyində qəbul olunmuş və gözlənilən dəyişikliklər haqqında daha ətraflı məlumat vermək və aydın olmayan məqamlar haqqında danışmaq idi. İşçilər tərəfindən verilmiş sualları Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov cavablandırıb.
"Gilan Holding"in Baş administrasiya direktoru Fuad Kərimov bildirib ki, təlimlərin mövzuları olduqca aktual olub:
“Bildiyiniz kimi, son zamanlar vergi qanunvericiliyində bir neçə dəyişikliklər olub. Azərbaycanda Strateji Yol Xəritəsi var ki, onunla bağlı biz gələn il bir neçə dəyişiklik gözləyirik. Bu yol xəritələri ilə başlı şirkət əməkdaşlarının bir neçə sualları olub. Bu səbəbdən “Gilan Holding” Vergilər Nazirliyinə müraciət edib. Vergilər Nazirliyi bizim bu təklifimizə müsbət cavab verdi və bu təlimləri təşkil etməklə bizi maraqlandıran bütün suallara cavab verdilər”.
"Gilan Holding" rəsmisi bildirib ki, təlimlərin əsas auditoriyasını holdinqin baş mühasibləri təşkil edib:
“Onlar da bu təlimlərə sualları ilə gəliblər. Təlimlərdə əsasən vergilərlə bağlı məsələlər müzakirə edilib. Əlavə dəyər vergisi, idxal, ixrac və satışla bağlı fikirləri müzakirə etdik. Vergi sistemində və holdinqdə baş verən dəyişikliklərlə bağlı yaranmış suallara cavablar verilib”.
F.Kərimov vurğulayıb ki, bu cür təlimlərin təşkil edilməsi "Gilan Holding"in əməkdaşlarına vergi orqanları ilə birbaşa dialoq qurmaq və vergilərlə bağlı suallara cavab almaq imkanını yaradır:
"Bugünkü görüş olduqca maraqlı keçib. Belə seminar və görüşləri davam etdirmək istərdik. Düşünürəm ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində növbəti belə bir təlim və seminar təşkil edilsin, növbəti dəfə yaranacaq suallara da cavablar əldə edək".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub