“Dostum Mimi”, “Qaranquş” jurnalı, 50 faiz endirimlə kitab almaq fürsəti - REPORTAJ

Yazıçılarla görüş, müəllif imzalı kitablar, yeni nəşrlər, nəşriyyatlar, kitabçılar... V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oxuculara bu cür gözəl fürsətlər yaradıb...

 

APA TV-nin məlumatına görə, sərgi-yarmarkada məktəblilərdən, evdar xanımlardan akademiklərə, tanınmış yazarlara kimi çox adamla qarşılaşmaq olar. Qiymətlər ucuz, çeşid çox, nəşriyyat əməkdaşları da qulluğunuzda. Yəni əsl kitab bayramı...

 

Sentyabrın 30-da axşam saatlarında başa çatacaq yarmarkada oxucuların diqqətini ən çox cəlb edən stendlərdən biri TEAS Press Nəşriyyat Evinə məxsusdur. Nəşriyyatın “3 alma” brendi altında uşaq ədəbiyyatı çap edilən xüsusi bölməsi də fəaliyyət göstərir.

 

Nəşriyyatın təmsilçisi, “Qaranquş” uşaq jurnalının baş redaktoru Aysel Zahidqızı “3 alma”nın artıq xeyli müddətdir fəaliyyət göstərdiyini deyir: “3 alma” uşaq nəşriyyatı artıq 3 ildən çoxdur ki, fəaliyyət göstərir. Nəşriyyat tərəfindən indiyə kimi 150-dən artıq kitab tərcümə olunub. Daha doğrusu, biz xarici müəlliflərin nəşr hüququnu alırıq, onları Azərbaycanda çap edirik. Ancaq son iki ildir ki, biz yerli yazarları da çap edirik. Reyhan Yusifqızının, Qəşəm Nəcəfzadənin, Aqşin Cəfərovun kitablarını nəşr etmişik”.

 

Aysel xanım deyir ki, son illər Azərbaycan dilində çap olunan uşaq ədəbiyyatına maraq artıb: “Çünki əvvəllər valideynlər kitabları daha çox rus və digər dillərdə ala bilirdi. İndi isə həmin kitabların çox Azərbaycan dilində və həmin keyfiyyətdə çap olunur. Artıq valideynlərin öz dilimizdə nəşr olunan kitablara marağı artıb”.

 

“3 alma” bədii ədəbiyyatda klassiklərə üstünlük verir. Elmi kitablar isə xüsusi diqqətlə seçilir: “Biz onları birbaşa tərcümə etmirik. Təbii ki, bizim mütəxəssislər həmin kitabları yoxlayır, ondan sonra dilimizə tərcümə olunur”.

 

Müxtəlif mövzuları əhatə edən uşaq kitabları nəşr olunarkən yaş kateqoriyası, illüstrasiyaların seçimi mütləq nəzərə alınır ki, həm valideynlər, həm balaca oxucular razı qalsın: “Artıq bu gün yarmarkanın ikinci günüdür. Kifayət qədər alıcı var. Həm bizim kitablara, həm böyüklər üçün kitablara, “TEAS Press”-in kitablarına kifayət qədər maraq var”.

 

“TEAS Press” Nəşriyyat Evinin uşaqlar üçün dərc etdiyi aylıq “Qaranquş” jurnalına da maraq böyükdür: “TEAS Press” Nəşriyyat Evi 2017-ci ildən yeniliyə imza atıb. Uşaqlar üçün "Qaranquş" uşaq jurnalı çap olunur. Jurnal 5 yaşdan böyük uşaqlar üçün nəzərdə tutulub. Burada uşaqların intellektini artırmaq, onları əyləndirmək, asudə vaxtlarını daha səmərəli keçirmək üçün müxtəlif oyunlar, hekayələr, məqalələr çap olunur”.

 

Hər ay çap olunan "Qaranquş"da 10-dan çox yerli yazar, illüstrator çalışır.

 

Yarmarkada kitab müəlliflərinin imza günü də keçirilir. “TEAS Press” sərgi yarmarkanın ilk günü Çingiz Abdullayevin, bu gün isə "Dostum Mimi" uşaq romanının müəllifi Reyhan Yusifqızının oxucularla görüşünü, imza gününü təşkil edib. Müəllif gənc oxucularla görüşüb, onların kitablarını imzalayıb: “Çox qəribədir, mən kitabı yazanda onu süni intellekt nəzəriyyəsinin banisi həmyerlimiz Lütfi Zadəyə həsr eləmişdim. Bu gün həm kitabın təqdimat günüdür, həm də Lütfi Zadənin dəfn günüdür”.

 

“Qoca professor oyuncaq siçana süni beyin düzəldir, onu danışdırır. Ancaq professor çox qocadır, yaddaşı zəifləyib. Siçan öz başına qalır. Günlərin bir günü bu danışan siçan küçəyə çıxır, orada bir qızla tanış olur. Bundan sonra bütün macəralar başlayır” - sətirlərini qələmə alan yazıçı deyir ki, professoru təsvir edəndə Lütfi Zadəni düşünürmüş: “Kitabın sonunda mən Lütfi Zadə haqqında, süni intellekt - danışan oyuncaqlar haqqında məlumat verəndə yazdım ki, çox keçməyəcək ki, bütün oyuncaqlar danışacaq. Biz belə dövrdə yaşayırıq”.

 

Yazıçının görüşünə ibtidai sinifdə oxuyan şagirdlər, valideynlər və müəllimlər də gəliblər.

 

İbtidai siniflərdə dərs deyən Vüsalə Novruzova uşaqlarda mütaliəyə maraq yaratmağın vacibliyini önə çəkir: “Mən həmişə uşaqlara demişəm ki, nə qədər mütaliə etsəniz, dərslərinizi bir o qədər tez qavrayarsınız, tez yadınızda qalar.  

 

Uşaq yazıçısı ilə görüşə gələn şagirdlər üçün də bu sərgi-yarmarka yadda qalacaq: “Mən Reyhan Yusifqızının kitab təqdimatına gəlmişəm. Onunla tanış olmağı çox istəyirdim. Reyhan Yusifqızının "İki gül" əsərini keçmişik. Bu əsəri dərsdə canlandırdıq. Bunun üçün də yazıçını görməyi çox istəyirdim”.

 

“TEAS Press”də bu günə kimi  yüzdən çox kitab çap olunub. Nəşriyyat daha çox elmi, tarixi mövzulara üstünlük verir. Yerli yazarlarla, tarixçilərlə işləyən nəşriyyat çox ciddi, Azərbaycanın ədəbi gündəminə səs salan kitablar çap edib.

 

Bu kitablardan biri də Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin müəllifi olduğu "Azərbaycan Cümhuriyyəti Tələbələri" kitabıdır. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil üçün xaricə göndərdiyi 100 tələbənin həyatından bəhs edən kitab elm sahəsində çalışan şəxslər, eləcə də digər oxucular üçün dəyərli əsərdir. Sabah saat 12:00-da əsərin müəllifləri sərgi-yarmarkada oxucularla görüşəcək, kitabları imzalayacaqlar.

 

Yarmarkanın cəlbedici digər tərəfi isə “TEAS Press”-in dərc etdiyi kitabların 50 faizə qədər endirimlə satılmasıdır. Bu fürsəti əldən qaçırmayın, əziz kitab həvəskarları! Gəlin, alın, oxuyun!!!

 

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR