Azərbaycanda vətəndaşlıqdan məhrumetmə cəzasının tətbiqi təklif olunur
Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə Cinayət Məcəlləsinə təklif olunan son dəyişikliklərlə bağlı ictimai dinləmələr keçirilib.
APA TV-nin məlumatına görə, komitə sədri Əli Hüseynli prezident tərəfindən təqdim olunan dəyişikliklərin ciddi əhəmiyyət daşıdığını və ictimai müzakirənin vacibliyini bildirib.
Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev qeyd edib ki, qanun layihəsində yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin: “Narahatlıq da odur ki, həbs-qətimkan, azadlıqdan məhrumetmə tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal sayır. Biz də hüquq ictimaiyyəti olaraq, bununla razıyıq”.
Toplantıda Cinayət Məcəlləsinə cəza növü kimi vətəndaşlıqdan məhrumetmə cəzasının daxil edilməsi təklif olunub. Təklif deputat Qüdrət Həsənquliyev tərəfindən irəli sürülüb.
Q.Həsənquliyev onu da deyib ki, Cinayət Məcəlləsində ömürlük cəza çəkənlərlə bağlı tətbiq edilən humanist dəyişikliklərdə təkcə cəza çəkənlər yox, zərərçəkmiş şəxslər də nəzərə alınmalıdır: “Bu dəyişikliklərdə göstərilir ki, ömürlük azadlıqdan məhrum edilənlər 25 ildən sonra şərti olaraq vaxtından əvvəl cəzadan azad oluna bilərlər. Yaxud əvvəl 15 il cəzanın çəkilməmiş hissəsi 10 ilə endirilib. Digər bir yerdə də xüsusilə külli miqdarda zərər vuran quldurluğa görə 18 il azadlıqdan məhrumetmə nəzərdə tutulur. Yəni biz mülkiyyət əleyhinə olan cinayətlərə cəzanı sərtləşdirdiyimiz halda, ömürlük cəzanı - şəxsiyyət əleyhinə olan cəzanı yüngülləşdiririk. Bilirsiniz ki, ömürlük cəza əsasən azyaşlılara, köməksiz insanlara qarşı qətl törədənlər, yaxud xüsusilə ağır cinayətlər törədənlərə qarşı tətbiq edilən cəzalardır. İndi biz bunu yüngülləşdiririk. Məncə, bu, düzgün addım deyil və zərərçəkənlərdə intiqam hissini alovlandıra bilər”.
Baş Prokurorluq isə bəyan edib ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən narkotik vasitələrdən istifadə etmə və saxlamaya görə cinayət məsuliyyətinin ləğvinin əleyhinədir. Baş Prokurorluğun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov bildirib ki, Cinayət Məcəlləsinin 234.1 maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması doğru deyil: “Çünki yaşadığımız region elə bir yerdir ki, burada narkotik vasitələrin tranzit dövriyyəsinə cəhdlər edilir. Eyni zamanda əgər kimsə bilsə ki, digəri bunu daha çox istifadə edir, o, həmin vasitənin daha çox satılmasına meylli olacaq ki, bu da cinayətin sayına təsir göstərəcək”.
Ali Məhkəmənin Ağır Cinayətlər Kollegiyasının sədri Şahin Yusifov da bu maddənin dekriminallaşdırılmasının əleyhinə çıxıb.
Prezident Administrasiyasının sektor müdiri Vüsal İsayev deyib ki, 234.1-ci maddənin dekriminalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarının ictimai dinləmədəki rəyi nəzərə alınıb və indiki mərhələdə bu dəyişiklik məqbul hesab olunmayıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub