Lütfi Zadə I Fəxri Xiyabanda dəfn edildi - ÖLMƏYƏ VƏTƏN YAXŞI...
Bu gecə cənazəsi Bakıya gətirilən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə son mənzilə yola salınıb.
APA TV-nin xəbərinə görə, əvvəlcə Heydər məscidində cənazə namazı qılınıb, mərhumun ruhuna dualar oxunub.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasında böyük alimlə vida mərasimi keçirilib. Mərasimdə prezident İlham Əliyev, dövlət və hökumət rəsmiləri, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimində görkəmli alimin həyatı və elmi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
Prezident İlham Əliyev mərhumun xalası qızı, Azərbaycanın xalq artisti, professor Cənnət Səlimova ilə söhbət edib, dərin hüznlə başsağlığı verib.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətləri inkişaf edib: "Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyətini kədərləndirir".
Mikayıl Cabbarov deyib ki, onun son arzusu Vətənində torpağa tapşırılmaq olub: “Bu onu göstərir ki, Lütfi Zadə son nəfəsinə qədər Azərbaycanla yaşayıb. Onun dünya elminə verdiyi töhfələr misilsizdir".
Akademik Telman Əliyev bir çox ölkələrdə nəqliyyat, bank və intellektual sistemlərin Lütfi Zadənin nəzəriyyəsi əsasında işlədiyini diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev Lütfi Zadəni Nobel mükafatına layiq alim adlandırıb.
Mərhumun ailəsi adından çıxış edən xalq artisti Cənnət Səlimova vida mərasiminin təşkilinə görə Azərbaycan dövlətinə və prezident İlham Əliyevə təşəkkürünü bildirib: "Bu əziyyətli və şərəfli işdə başda möhtərəm prezidentimiz olmaqla, əməyi keçən bütün insanlara öz dərin təşəkkürümü bildirirəm. Əziz və əvəzolunmaz insan, dahi Lütfi Zadə bu torpaqda əbədi uyuyacaq. Ruhu şad olsun!"
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da Lütfi Zadənin dünya elminə verdiyi töhfələrdən danışıb: "Azərbaycanın böyük oğlu Bakıda doğulub, sonra Tehrana gedib, oradan isə ABŞ-a köçüb. O, dünya elminə möhtəşəm töhfələr verib. Lütfi Zadənin fəaliyyəti müasir texnologiya, yeraltı qatarlar üçün baza rolunu oynayıb. Azərbaycanlılar haqlı olaraq bu görkəmli şəxslə fəxr edirlər".
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Lütfi Zadənin alim kimliyindən söz açıb: "O, çox böyük insan idi. Çox böyük alim olub. Bir alimin əsərlərinə 180 min istinad ediblər. Belə bir alim dünyada 4-5 nəfərdir. Bir azərbaycanlının dünyada gedib belə ad qazanmasından çox böyük qürur hissi keçiririk".
Vəkil Etibar Ağalar Lütfi Zadə ilə ailəvi görüşünü xoş təəssüratlarla xatırlayıb: "2015-ci ildə Amerikada səyahətdə olarkən professorla görüşmək nəsib oldu. Biz vaxt istədik, köməkçisi bizə 30 dəqiqə vaxt ayırdı. Ailəliklə evində ziyarət etdik onu. Doğrusu, bu qədər səmimi, bu qədər açıq görüş olacağını düşünmürdük. O da onun şəxsi insani keyfiyyətlərindən irəli gəlir. Sonradan köməkçisi də bizə dedi ki, 2 saata yaxın bərabər olduq, son zamanlar kimləsə bu qədər ünsiyyətdə olmayıb. Fəxr edirik ki, sağlığında onu görmək bizə nəsib oldu".
Daha sonra böyük alimin cənazəsi I Fəxri Xiyabanda dəfn olunub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub