Səfa Mirzəyev: “Biz qurumda qalıb-qalmamaq barədə bir daha fikirləşəcəyik, əgər...”

"Avropa Şurası elə Azərbaycan deməkdir. Çünki biz bu qurumun tam hüquqlu üzvüyük. Müəyyən qüvvələr var ki, Azərbaycanı orada görmək istəmirlər”. Bu açıqlamanı APA TV-yə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev verib.

 

O bildirib ki, Azərbaycanın Avropa Şurasında ikili standartlarla üzləşməsinin əsas səbəblərindən biri o qurumda erməni lobbisinin iş aparmasıdır: “Səbəblərdən biri ermənipərəst AŞPA rəhbərinin və qurumun icra orqanlarının, ermənipərəst qüvvələrin bu işi daha da fəallaşdırmasıdır. Əsas da onunla bağlıdır ki, son vaxtlar Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Sadəcə olaraq gözləri götürmür onu. Beynəlxalq arenada Azərbaycanın müvəffəqiyyətləri onları çox narahat edir”.

 

Səfa Mirzəyev Azərbaycanın Avropa strukturlarından təmsilçiliyini davam etdirməli olduğunu düşünür: “Bizm AŞPA-dan çıxmaq adlı şəxsi istəyimiz yoxdur. Əgər onlar o prosedura baxsalar, biz qurumda qalıb-qalmamaq barədə bir daha fikirləşəcəyik".

 

Millət vəkili Vüsal Hüseynov bildirib ki, ikili standartlar adlandırılan məfhumun bir kökü də AŞPA-da anti-Azərbaycan qrupunun fəaliyyəti ilə bağlıdır: “Bunu daha çox onun daxilində fəaliyyət olan zaman daha çox hiss edirik. Burada da müxtəlif məqsədlər var. Azərbaycanın inkişafı ilə bağlı məsələlərə əks çıxan qüvvələr var. Erməni lobbisinə xidmət edən qüvvələr var. Azərbaycanın iştirak etdiyi beynəlxalq layihələrdə fəaliyyəti ilə bağlı bu prosesi ləngitmək, Azərbaycanın bu prosesdə iştirakının səviyyəsini azaltmaq məqsədi ilə bu qüvvələr işə düşür".

 

Vüsal Hüseynov bildirib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasına öz iradəsi ilə üzv olub: “Qurumdan çıxmaq hər bir ölkənin suveren hüququdur. AŞPA-ya üzvlükdə, qurumun işində iştiraka öz iradəmizlə qoşulmuşuq. Qoşulduğumuz müddətdə də səmərəli və loyal tərəfdaş kimi aktiv iştirak etmişik. Avropa Şurasının konvensiyalarının icrası istiqamətində bütün tədbirlərdə Azərbaycan dövləti də iştirak edib. Avropa Şurasının alt qurumlarının bir çox hesabatlarında həm hüquq, həm də institusional sahədə islahatlar yüksək səviyyədə qəbul edilib”.

 

Millət vəkili qeyd edib ki, Azərbaycan AŞPA-dan çıxsa, bundan bir institut kimi Avropa Şurası daha çox şey itirmiş olacaq: “Belə bir hal əgər baş verə bilərsə təbii ki, bundan hər iki tərəf itirə bilər. Hətta deyə bilər ki, Avropa Şurası bir institut kimi itirə bilər. Çünki bu müxtəlif dövlətlərin üzv olduğu kollegial bir qurumdur. Təbii ki, əgər siz belə suallar verirsinizsə, deməli oxşar fikirlər başqa dövlətlərdə də səsləndirilir, bu isə artıq hesab edirəm ki, AŞPA-nın özünün aşınması təəssüratı yaradır". 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR