Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları cinayət məsuliyyətinə cəlb olunmalıdır - SORĞU
Türkiyədən qeyri-hökumət təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə heyətinin Ermənistana, oradan isə Azərbaycanın işğal altında olan ərazilərinə səfəri ölkəmizdə təbii olaraq mənfi qarşılanıb. Bu kimi səfərlər iki qardaş ölkə arasında münasibətlərə xələl gətirir, Azərbaycanı narahat edən digər məqam Türkiyə ictimaiyyətinin bu cür səfərlərə laqeyd yanaşmasıdır.
Millət vəkili Fazil Mustafa APA TV-yə açıqlamasında deyib ki, Ermənistana və Dağlıq Qarabağa səfər edən nümayəndə heyətində əsasən Türkiyədə yaşayan ermənilər təmsil olunur: “Bu ermənilər isə əslində Türkiyə qanunlarını pozaraq başqa ölkənin suverenliyinə xələl gətirən addım atıblar. Ona görə də Türkiyə hökuməti bu istiqamətdə addım atıb, dərhal onlar haqqında cinayət işi qaldırmalıdır. Azərbaycan tərəfindən belə bir tələb onsuzda ortaya qoyulacaq. Erməni də olsalar, Türkiyə vətəndaşlarıdır, yaxud da özləri türk ola bilər, amma mahiyyətcə ermənidirlər. Ona görə də Türkiyə hökuməti belə səfərlərdə iştirak edənlərin cəzalandırılması istiqamətində ciddi addımlar atmalıdır. Bu addımlar atılmadığı təqdirdə ciddi bir narahatçılıq yarada biləcək bir amilə çevrilə bilər”.
Millət vəkili Zahid Oruc hesab edir ki, Türkiyə vətəndaşlarının Ermənistana və Azərbaycanın işğal altında olan ərazilərinə səfərləri qanunsuzdur: “Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr yoxdur. Belə olan təqdirdə ümumiyyətlə hər hansı Türkiyə vətəndaşının Ermənistana, oradan isə Dağlıq Qarabağa səfəri hüquq müstəvisində qanunsuzdur. Bu məsələnin prinsipial tərəfidir. Məsələnin mənəvi siyasi tərəfinə gəlincə, bu, açıq aşkar Azərbaycanın suveren hüquqlarına zərbə vurmaqdır. Özlərini arzuolunmaz şəxs yerinə qoymaqdır. Bu, Aleksandr Lapşin hadisəsində cəza məsuliyyəti yaradan bir hadisədir".
İğdır Azərbaycan Evi dərnəyinin başqanı Sərdar Ünsal APA TV-yə açıqlamasında bildirib ki, Dağlıq Qarabağa gedib orda araşdırma aparan, dırnaqarası “Qarabağ rəsmiləri” ilə danışıqlar aparan Türkiyə heyətini qınayırlar: “Bu bir Türkiyə vətəndaşına yaraşan hərəkət deyil. Bu gün Şimali İraqda dırnaqarası referendum keçirənləri necə qınayırıqsa, Qarabağa gedən türk aydınlarını da elə qınayırıq. Qarabağ türk torpağıdır və torpaq Azərbaycana aiddir. Bu torpaqlarda Ermənistanın heç bir haqqı yoxdur. Olması da mümkün deyildir. Bu səfərləri edən kimdirsə, buna qarşıyıq, hər zaman da qarşı olacağıq. Türkiyə hökuməti də Ermənistan işğal etdiyi torpaqları qaytarmayınca, Qarabağ azad olmayınca sərhədləri açmayacağını deyib. Biz Ermənistana gedib ermənilərə dəstək verən, bu türk düşməni olan sənədlərində türk kəlməsi yazılan, ancaq türklüklə əlaqəsi olmayan dırnaqarası aydınları qınayırıq”.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub