Azərbaycanda Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilir

“Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir”.

 

APA TV-nin məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal İsayev Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə keçirilən Cinayət Məcəlləsinə təklif olunan son dəyişikliklərlə bağlı ictimai dinləmələr zamanı deyib.

 

O bildirib ki, dəyişikliklərdə məqsəd bir sıra cinayət əməllərinə görə, cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılmasına nail olmaqdır: “Bu əməllərə görə hədd 5 dəfə artırılıb. Nəticədə mülkiyyət əleyhinə bir sıra əməllər dekriminalaşdırılıb. Həmin əməllərin dikreminalaşdırılması o demək deyil ki, biz həmin şəxsləri cəzasız məsuliyyətdən kənar qoyacağıq. Həmin əməllər İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Belə halda azadlıqdan məhrumetmə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik”.

 

PA-nın sektor müdiri qeyd edib ki, azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib:

 

“Bütövlükdə 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının hədləri aşağı salınıb. Nəticədə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib. Bu sistemin tətbiqi, dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, cəzaların 92 faizinin azalmasına gətirib çıxarıb. Eyni zamanda həmin şəxslərin cinayətdən yayınması hallarının 94 faiz azalmasına səbəb olub”.

 

Vüsal İsayev ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı yaranmış ziddiyyətə aydınlıq gətirib. O, Milli Məclisdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Cinayət Məcəlləsinin 57.3 (Ömürlük azadlıqdan məhrum etmə) maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

 

Hazırda qüvvədə olan bu məcəllənin 57.4-cü maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilir: “Dəyişikliklə “15” il “10” illə əvəz edilir. Yəni bu o demək deyil ki, ömürlük cəzaya məhkum edilənlər 10 ildən sonra azadlığa buraxıla bilər. Burada 25+10 hesablanır. Yəni 35 il olacaq”.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR