Faiq Ağayevdən Röyaya sərt sözlər

Əməkdar artist Röya Ayxanın sonuncu mətbuat konfransı maraqla anlarla yadda qalıb.

 

APA TV-nin məlumatına görə, ötən həftə xalq artisti Faiq Ağayev APA TV-nin “Showtime” verilişində “Azərbaycanda konsertdən real gəlir əldə edən üç müğənnidən biri mənəm” fikrini səsləndirib: “Naşı insandırlar. Konsert keçirməyi bacarmırlar. Azərbaycanda üç müğənni var ki, salonu doldururlar, pul qazanırlar. Biri mənəm, biri Alim Qasımovdur, üçüncüsünü deməsəm, yaxşısıdır”.

 

Röya isə Faiq Ağayevin bu fikrinə belə cavab verib: “Düşünürəm ki, o, haqsızlıq edir. O, mənəm. İkinci adamı görmək istəyirəm”.

 

Faiq Ağayev isə onun bu fikrinə biganə qalmayıb. Xalq artisti “İnstagram” sosial şəbəkəsi vasitəsilə Röyanın fikirlərinə sərt reaksiya verib:


"Əslində xoşagəlməz haldır. Görünür, istəməsəm də, mövqe bildirməliyəm. Röya 2000-ci illərdə səhnəyə gəldiyi ilk, əzəl gündən məndən yalnız səmimi rəğbət, əməli dəstək görüb. El-aləmin onu kəsib-baltaladığı, kəskin tənqid etdiyi bir dönəmdə sənət aləmində ancaq mən ona arxa-dayaq durdum”.


Məlum açıq-saçıq klipi ucbatından yaranan qalmaqaldan sonra iştirak etdiyi canlı yayıma zəng edib Röyaya bunu dedim: "Ona çılpaqmı deyirsiz? Düz deyirsiz. Bəli, Röyanın qəlbi çılpaqdır, o maskalanmış halda qarşınıza çıxmır, dəstəkləyirəm onu!" Bundan sonrakı illərdə də onu aşırı istedadlı, zəhmətkeş həmkarım sayıb, barəsində yalnız xoş, səmimi, sevgi dolu ifadələr işlədib, müxtəlif həlledici məqamlarında yanında dost, böyük qardaş kimi olmuşam.


İbtidai sinif şagirdi də primitiv riyazi hesablamalar aparsa, bəllidir ki, 1991-ci ildən bu yana heç bir çağdaş müğənnimiz keçirdiyim solo-konsert sayına, gələn tamaşaçı, qazanılan qonorar, dövlətə ödənilən verginin miqdar və miqyasına çatmayıb. Bu məsələdə müasir estradamızda rəqibim birmənalı, mübaliğəsiz şəkildə yoxdur. 2007-də keçirdiyim 5 günlük anşlaqlı solo-konsert rekordumu da hələ ki, heç kim nə əldə edib, nə də ki yeniləyib".


Qeyd edək ki, Röya hələlik Faiq Ağayevin bu açıqlamasına münasibət bildirməyib.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR