Ərdoğan: "İraq və Suriyanın ərazi bütövlüyü məsələsində həmfikirik"

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin Ankarada baş tutan danışıqlar zamanı İraq və Suriyanın ərazi bütövlüyünü dəstəkləyib. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan danışıqların yekunlarını şərh edərkən kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsini böyük səhv adlandırıb.

“Suriya və İraqı müzakirə etdik. İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyi məsələsində həmfikir olduq. Bu referendumun heç bir qanuniliyi yoxdur. Şimali İraq rəhbərliyi böyük səhvə yol verib. Heç kimin bizim regionu alovlandırmağa haqqı yoxdur”, - deyə Ərdoğan jurnalistlərə bildirib.

Görüş vaxtı prezidentlər İraqın kürd muxtariyyətində baş verən son hadisələrə də toxunub. Bu barədə danışan Putin Rusiyanın mövqeyinin bəlli olduğunu deyib.

“Sözsüz ki, İraqın kürd muxtariyyətində keçirilən müstəqillik referendumu ilə bağlı son vəziyyəti də müzakirə etdik. Rusiyanın prinsipial mövqeyi bəllidir – bu mövqe Rusiya XİN-in bəyanatında öz əksini tapıb. Bu gün biz cənab prezidentlə bu barədə ətraflı danışdıq”, - deyə V.Putin qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR