Putin Türkiyədə: "Səfər tamamilə praqmatik məqsədlidir"

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində V.Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Ankaraya işçi səfəri başlayan V.Putinin korteji hava limanından birbaşa Türkiyə prezidentinin dövlət iqamətgahına yollanıb. R.T.Ərdoğan V.Putini avtomobilin qarşısında salamlayıb, daha sonra prezidentlər fəxri qarovulun qarşısından keçərək iqamətgaha daxil olub.

Danışıqların əsas mövzularının Suriyadakı vəziyyət, xüsusən də bu ölkədəki təhlükəsizlik zonalarında Rusiya və Türkiyə Silahlı Qüvvələrinin addımlarının əlaqələndirilməsi, İraqın kürd muxtariyyətində müstəqillik referendumu, ikitərəfli münasibətlərin müxtəlif aspektləri olacağı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bundan əvvəl səfərin “tamamilə praqmatik məqsədli” olduğunu vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin arasında saat yarımdan çox danışıqlar olub. Bakı vaxtı ilə saat 20:10-da başlayan danışıqlarda həmçinin “Türk axını” qaz borusu və “Akkuyu” AES-in tikintisi, habelə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi də bildirilmişdi.

Hazırda görüş geniş tərkibdə davam edir. Görüşün nəticələri ilə bağlı mətbuata açıqlama veriləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR