23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi başladı
Bu gündən Bakıda 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi öz işinə başlayıb.
APA TV-nin xəbərinə görə, sərginin açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, payız aylarında Azərbaycanda səhiyyə sərgisinin keçirilməsi artıq ənənəyə çevrilib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, belə sərgilərin keçirilməsi xarici və yerli şirkətlərin qarşılıqlı əməkdaşlığına müsbət təsir edir.
Azərbaycanda səfərdə olan Belarusun səhiyyə naziri Valeri Malaşko isə deyib ki, Belarus mütəxəssislərinin Azərbaycanla yüksək tibbi məlumatların bölüşülməsi, birgə əməliyyatların icra olunması, həkimlərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi sahəsində ildən-ilə yüksəliş nəzərə çarpır.
Daha sonra sərgi iştirakçıları stendlərlə tanış olub. Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən sərginin təşkilatçısı "İTECA Caspian" şirkətidir. Sərgidə dünyanın 19 ölkəsini təmsil edən 104 şirkət iştirak edir. Bu il debütantlar arasında Azərbaycanda yaxın gələcəkdə istismara veriləcək zavodlar da var.
Builki sərgidə Belarus və Rusiya ilk dəfə öz milli stendi ilə təmsil olunub: "Biz tibbi ləvazimatların istehsalı ilə məşğul oluruq. İstehsal etdiyimiz bir tibbi avadanlıqda təbabətin 4 əsas elementindən istifadə edirik. Bunlar bədən tərkibinin müəyyən olunması, nəbz dalğası və ürək ritminin rəqəmsal analizi və dəri-halvanik reaksiyasıdır. Bütün bunlar bizə orqanizmdəki prosesləri daha dəqiq tədqiq etməyə kömək edir. Dünyanın bir çox ölkəsinə ixrac etdiyimiz avadanlıqların üstünlüyü bundadır ki, biz onlarda hər orqanizmə uyğun proqram təminatı tətbiq edirik".
Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribütorları da iştirak edəcək. Yerli distribütorlar arasında “BTL Industries”, “Labservis”, “Planeta” və digər şirkətlər yer alır.
Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim edib.
Sərgini geniş işgüzar proqram müşayiət edəcək. Sərgi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün konqresin keçirilməsi planlaşdırılır. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq.
Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BIHE 2017) ilə paralel olaraq iki sərgi - 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də keçirilir.
Təşkilatçılar sərginin ikinci iş günündə eksponentlərlə yerli istehsalçı və distribütorlar arasında görüş keçirəcəklər. Məqsəd bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün əlavə və səmərəli işgüzar platforma yaratmaqdır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub