Məleykə Abbaszadə: "Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq"

İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarda iştirak edəcək.

 

APA TV-nin xəbərinə görə, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə ABbaszadə bildirib ki, yeni imtahanlarda açıq tipli sualların sayı 5 deyil, daha çox olacaq.

 

"Bir ildən sonra 11-ci siniflər yeni nov imtahanda iştirak edəcək. Buraxılış imtahanları 3 fəndən - ana dili, riyaziyyat və xarici dildən olacaq. Bu suallarla yanaşı, imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək".

 

Məleykə Abbaszadə deyib ki, bu ildən etibarən IX siniflər üzrə buraxılış imtahanında ilk dəfə olaraq tətbiq edilən belə yazı işlərinin nəticələrini 1 aydan tez açıqlamaq mümkün deyil. O əlavə edib ki, iki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq:

 

"Birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək".

 

Məleykə Abbaszadə bildirib ki, ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq. DİM sədri həmçinin ali məktəblərə qəbul zamanı 700 ballıq sistem saxlanılacağını bildirib. 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanlarının birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR