Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir
Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
APA TV-nin məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, millət vəkilləri, müxtəlif ölkələrin nəşriyyat nümayəndələri iştirak edib.
Nazir bildirib ki, sərgiyə maraq ildən-ilə artır. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası uğurlu layihə kimi özünü təsdiq edib.
Xalq yazıçısı Elçin Əfəndiyev isə qeyd edib ki, bu sərgi əslində kitab bayramıdır. Sərginin mütəmadi keçirilməsi Azərbaycanda kitaba böyük maraq olduğunu göstərir.
Daha sonra sərgi-yarmarkaya baxış keçirilib.
Sərgidə müxtəlif nəşriyyatların, kitab evlərinin stendləri qarşısında izdiham müşahidə etdik. Görünən odur ki, kitabsevərlər sərgi-yarmarkanı səbirsizliklə gözləyirmişlər.
Builki sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi qeydiyyatdan keçib.
Sərgiyə qatılan brendlər arasında "TEAS Press" Nəşriyyat Evi də var. Onlar oxucuların görüşünə 500-dən artıq nəşrlə gəliblər. Nəşriyyat Evinin koordinatoru Akif Maarifli Bakıda keçirilən sərgiyə ilk dəfə qatıldıqlarını deyib: “Bu, bizim Bakıda sərgidə ilk iştirakımızdır. 550 nəşr gətirmişik. Hamısı yeni nəşrlərdir. Məsələn, “3 alma” nəşriyyatında beynəlxalq miqyasda tanınan müəlliflərin kitabları Azərbaycan dilinə tərcümə olunur. “TEAS Press” nəşriyyatında ölkənin bir nömrəli detektiv yazarı Çingiz Abdullayevin, eləcə də Elxan Elatlının və Varis Yolçuyevin kitablarını nəşr edirik”.
"TEAS Press" Nəşriyyat Evi kitabsevərlərə Azərbaycan, rus, ingilis, alman, fransız, türk və hətta ərəb dillərində kitablar təqdim edir. Üstəlik, bütün kitablar 50% endirimlə təklif olunur.
Sərgi-yarmarka həm də oxucularla yazıçıları görüşdürür. "TEAS Press" Nəşriyyat Evi ilk növbədə xalq yazıçısı Çingiz Abdullayevlə imza günü təşkil edib. Yazıçı sərginin və imza gününün təşkilindən razı qalıb: “Sevinirəm ki, kitab sərgisi keçirilir. Bu, məni çox sevindirir. Gözləntim odur ki, kitabları oxusunlar”.
Sərgi-yarmarkada kitabxanalar, müxtəlif dövlət qurumlarına aid nəşrlər də təmsil olunur. Tədbir üç gün davam edəcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub