Sosial şəbəkələrdə "tutduqları" qadınları şantaj edənlər ələ keçdi - BAKIDA

Bakıda sosial şəbəkədə tanış olduğu qadını hədələyərək, ondan qanunsuz olaraq pul tələb edən şəxslər yaxalanıb.

 

APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən bir qadın “İnstagram” sosial şəbəkəsində tanış olduğu Cavad adlı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı və ona məxsus fotoşəkilləri ailəsinə göndərəcəyi ilə hədələyib 1000 manat pul tələb etdiyini  bildirib.

 

Ailəli olan qadın çıxılmaz vəziyyətdə qaldığından polisə müraciət edib: "Tanış oldum, bir müddət danışdım. Bir-iki şəkil çəkib göndərdim ona. Danışdığımız müddət ərzində "Skype"da mənim əlavə şəkillərimi çəkib, hədə-qorxu gəldi. Dedi, hər yanda yayacam. Polisə müraciət etdim. Sağ olsunlar, anonimliyimi qorumaq şərti ilə adamı tutdular".

 

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Siyəzən rayon sakini Cavad Ağarəşidov qeyd edilən miqdarda pulu qadından alan zaman saxlanılıb: "Sosial şəbəkədə tanış oldum. Görüntülü danışanda bəzi yerlərini çəkib mənə göndərməsini xahiş etdim. Üç ədəd şəkil atdı mənə. Görüşməyini tələb etdim. Şəkilləri silməyim qarşılığında pul tələb etdim. Görüşüb pulu almaq istəyəndə polislər məni tutdu".

 

Baş İdarəyə şikayət ərizəsi ilə müraciət edən başqa bir qadın isə  tanış olduğu Samir adlı şəxsin onu fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib, 10000 manat aldığını və yenidən 2000 manat tələb etdiyini bildirib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

S.İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR