Azərbaycan və Türkiyənin müdafiə nazirləri Bakıda görüşdü
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşüb.
APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında əvvəl təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov N.Caniklini Türkiyənin milli müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək, onun ilk rəsmi səfərini məhz ölkəmizə etməsinin ikitərəfli əməkdaşlığımıza verilən yüksək qiymətin bariz nümunəsi olduğunu qeyd edib. Nazir bildirib ki, ölkələrimiz arasında hərbi əməkdaşlıq ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparılır, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan strateji tərəfdaşlığımız daim inkişaf edir.
Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq, Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə ciddi təhdid olduğunu diqqətə çatdırıb.
Son illər Azərbaycanda və Türkiyədə hər iki ölkənin müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edən nazir gələcəkdə bu cür təlimlərin sayının artırılmasının vacibliyini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Yüksək Səviyyəli Hərbi Dialoq çərçivəsində fəaliyyətlərin genişləndirilməsi, birgə planların işlənilməsi, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub