Azərbaycanda dövlət tibb müəssisələri publik hüquqi şəxsə çevriləcək

Azərbaycanda dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək.

 

APA TV-nin xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, ölkədə ötən ildən başlayaraq icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

 

Onun sözlərinə görə, bu layihənin tətbiq olunduğu xəstəxanalar özəl yox, dövlət tibb müəssisələridir: "Bilirik ki, həmin müəssisələr də publik hüquqi şəxsə çevrilməlidir. Çünki Azərbaycanda dövlət tibb müəssisələri 10 ildən artıqdır əhaliyə pulsuz xidmət göstərir. Onlar isə sığortaya xidmət göstərmələri üçün publik hüquqi şəxs olmalı və xüsusi hesabları açılmalıdır. Artıq publik hüquqi şəxs statusu alacaq xəstəxanaların ilkin siyahısı hazırlanıb. İlkin olaraq 70 müəssisə nəzərdə tutulub və sonradan onların sayı artırılacaq".

 

Elsever Ağayev bildirib ki, Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarına Tarif Şurası tərəfindən vahid qiymət qoyulub və bu məsələ rotasiya olunan, təkmilləşən prosesdir: "Bəzi dərman preparatlarının qeydiyyatının vaxtı bitir, Azərbaycanda yeni dərman preparatları qeydiyyata düşür. Bu proses daim davam etdirilir. Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib".

 

Nazir müavini Azərbaycanda xarici ölkələrin dərman zavodlarının tikintisi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, ötən il İranın dərman zavodunun təməli qoyulub və işlər davam etdirilir: "İranla yanaşı, Rusiya tərəfinin də dərman zavodu inşa edilir. Bundan əlavə, Yaponiya və Koreya mütəxəssislərinin birgə şirkəti yaradılıb. Bu şirkət şprislərin istehsalı ilə məşğul olacaq".

 

Tibb işçilərinin sertifikasiyası məsələsinə də münasibət bildirən Elsever Ağayev qeyd edib ki, sertifikasiyadan keçməyən həkimlər tibb fəaliyyəti ilə məşğul olmamalıdır.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR