Azərbaycan prezidenti: "Hərbi texnikanın Türkiyədən alınması gücümüzü daha da artırır"
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Nurəddin Caniklini Türkiyənin milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev eyni zamanda Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib. Dövlət başçısı qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.
Milli müdafiə naziri Nurəddin Canikli öz növbəsində Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. Nurəddin Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub