Şirvanda narkomaniya əleyhinə maarifləndirici konfrans keçirilib

Şirvanda “Narkomaniyaya - əsrin bəlasına yox deyək!” mövzusunda maarifləndirici əhəmiyyətli elmi-praktiki konfrans keçirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Daxili İşlər Nazirliyinin təşəbbüsü və Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə şəhər ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivi iştirak edib.

 

Şirvan Şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev qeyd edib ki, hazırda Şirvan şəhərində 836 narkoman qeydiyyatdadır. Onlardan 691 nəfəri dispanser qeydiyyatına götürülüb. “Narkomaniya bəlasının qarşısının alınması məhz məktəbdən başlamalı və biz bu istiqamətdə böyük işlər görməliyik” - deyə polis rəisi qeyd edib.

 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meylliliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqlardan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu” barədə danışıb.

 

Tədbir çərçivəsində şagirdlərə maarifləndirici bukletlər paylanıb. Sonda “Yeniyetmələr və gənclər arasında anti-narkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, "Narkotik, yoxsa həyat?” mövzusunda videoçarx nümayiş etdirilib.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR