Məhəbbət Vəliyeva: “Müəllimlər bu adın şərəfini, məsuliyyətini ləyaqətlə daşımalıdır”

"5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür. Müəllim peşəsi ən şərəfli, ən məsuliyyətli peşələrdəndir. Təbii ki, bu adı şərəflə daşıyan təhsil işçilərinin sayı ümumi təhsil sahəsində çoxluq təşkil edir. Lakin təəssüfedici haldır ki, bəzən mənfi hallarla da qarşılaşırıq".

 

APA TV-nin xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva deyib.

 

"Mən bütün müəllimlərə üzümü tutaraq demək istəyirəm ki, çalışdıqları müddətdə bu adın şərəfini, məsuliyyətini ləyaqətlə daşısınlar və mənfi halların baş verməsinə, müəllim peşəsi ətrafında mənfi fikirlərin formalaşmasına şərait yaratmasınlar. Ümumiyyətlə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasını ciddi tələb edir və buna nəzarət edir. Mənfi hallar baş verdikdə, idarə tərəfindən qanunvericilik çərçivəsində çevik addımlar atılır və bundan sonra da belə olacaq" - deyə o qeyd edib.

 

"2017-2018-ci tədris ili üzrə Bakı şəhərində 8 yaşdan yuxarı fərdi təhsilə cəlb edilən uşaqların sayı 1000 nəfərə yaxındır" deyən Məhəbbət Vəliyevanın sözlərinə görə, müxtəlif səbəblərə görə təhsildən yayınan uşaqlar var: "Bu uşaqların təhsilə cəlb olunmasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi özü də maraqlıdır. Yaşı ötmüş olsa belə, valideynlər idarəyə müraciət etdikdə, biz o uşaqların təhsilə cəlb olunması istiqamətində lazımı dəstəyi göstəririk".

 

BŞTİ-nin müdiri uşaqların təhsildən yayınmasına ailə zəminində baş verən problemlərin, uşaqların sağlamlığında yaranan xəstəliklərin səbəb olduğunu qeyd edib.

 

Qeyd edək ki, bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində "Məktəb idarəetməsi" mövzusunda iki günlük beynəlxalq seminar başlayıb. Seminarın açılış mərasimində BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin bölmə rəhbərləri, Rumıniya, Sloveniya və Çexiya Təhsil nazirliklərinin nümayəndələri, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR