Canet Yellenin açıqlamaları nefti ucuzlaşdırdı
Federal Ehtiyat Sisteminin sədri Canet Yellenin dolların uçot dərəcəsinin mərhələli şəkildə artırılmasını əsaslandıran çıxışı neftin yenidən ucuzlaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, bu çıxışdan sonra dollar xarici valyutalara nəzərən möhkəmlənməyə başlayıb, proses avtomatik olaraq neftin ucuzlaşmasını sürətləndirib. Açıqlamadan sonra “Brent” neftinin qiyməti 58,31 dollardan 57,16 dollara enib, Qərbi Texas nefti isə 50 sent ucuzlaşaraq 51,91 dollardan satılır.
ABŞ Energetika Nazirliyinin ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair açıqladığı rəsmi hesabatın qiymətlərin ucuzlaşmasında rolu olmayıb. Hesabata əsasən, ötən həftə ölkənin ehtiyatları 1,8 milyon barel azalaraq 471 milyon barelə düşüb, benzin ehtiyatları isə 1,1 milyon barel artaraq 217,29 milyon barel təşkil edib. Bu rəqəmlər ölkənin neft emalı müəssisələrinin öz gücünü bərpa etdiyini göstərir.
Dolların güclənməsi nefti ucuzlaşdırsa da, analitiklər qiymətlərdə Türkiyə və İraqın neft daşımaları ilə bağlı mövqeyinin əsas rol oynayacağını düşünürlər. İraq baş naziri artıq Ankara ilə neft daşımaları məsələsində razılaşdıqlarını açıqlayıb. Razılaşmaya əsasən, Türkiyə öz ərazisindən İraq neftinin daşınması ilə bağlı bütün məsələləri rəsmi Bağdadla koordinasiya edəcək. Qərarın qiymətlərə necə təsir edəcəyi günün sonuncu ticarət sessiyalarında bilinəcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub