Gündüz İsmayılov: "İslam həmrəyliyi başqa dinlərə qarşı cəbhə açmaq demək deyil"

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) İstanbulda təşkil olunan “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransın yekunlarına həsr olunan mətbuat konfransı keçirilib.

 

APA TV-nin məlumatına görə, mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, QMİ sədrinin müavini Hacı Salman Musayev, QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova və idarənin rəsmisi Rəşad Əliyarlı iştirak edib.

 

R.Əliyarlı konfransın əhəmiyyətindən danışıb, gələcəkdə keçiriləcək tədbirləri xatırladaraq deyib ki, oktyabrda Özbəkistanda, noyabrda İspaniyada, dekabrda isə Bakıda belə bir konfrans təşkil olunacaq.

 

G.İsmayılov bildirib ki, İslam həmrəyliyi başqa dinlərə qarşı cəbhə açmaq demək deyil və bu tədbirlər Azərbaycan prezidenti İlham Əliyevin İslam həmrəyliyi ili ilə bağlı imzaladığı sərəncamda nəzərdə tutulan plana uyğun keçirilir.

 

Salman Musayev isə deyib ki, dünyada gedən proseslər mənfi tendensiyalarla müşahidə edilir: “Müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamofobiya meylləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün olurlar”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR