Bakıda xüsusi qayğıya ehtiyacı olanlar üçün uşaq bağçası - REPORTAJ
Bura onlar üçün sirli-sehrli aləmdir. Sözün əsl mənasında nağıllar dünyasıdır. Söhbət Bakının Nizami rayonunda yenicə fəaliyyətə başlayan xüsusi qayğıya ehtiyacı olan azyaşlıların tərbiyə müəssisəsindən gedir.
Bu məkanda uşaqların əksəriyyəti eyni yaşda olsa da, yaşadıqları problemləri müxtəlifdir. Elə buna görə də burda onlara davranış da fərdidir, individualdır. Pediatr Şəlalə Orucova deyir ki, bağça 40 yerlik nəzərdə tutulsa da, hələlik müraciət edənlərin sayı azdır: "Əslində biz xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün toplaşmışıq. Əsas məqsədimiz onları cəmiyyətə qazandırmaqdır. Onların çox yaxşı bacarıqları var, hər birinə fərdi yanaşmaqla hiss edirsən ki, daxillərində olan o potensialı almaq üçün işləmək lazımdır. Burda uşaqların qəbulu saat 9.00-18.00 arasında davam edir. Psixoloq, loqoped, korreksiyaedici mütəxəssis onlarla birgə işləyir. Təhsil prosesi ilə xüsusi pedaqoqlar məşğul olur. Əlavə onlar üçün art məşğələlər, musiqi, qum və su terapiyası həyata keçirilir. Bundan əlavə, müalicəvi bədən tərbiyəsi dərsləri, masaj və vannalar nəzərdə tutulur. Ona görə ki, bura daxil olan uşaqlarda tonus və qıcolma problemləri üstünlük təşkil edir".
Bağçada beş qrup fəaliyyət göstərir. Hər qrupda olan səkkiz uşaqla gün ərzində dörd mütəxəssis məşğul olur. Bundan əlavə, dayə xidməti də müəssisədə olduqları doqquz saat boyunca onlarla bərabər olur.
Müəssisəyə azyaşlıların qəbul qaydasına diqqət çəkən pediatr Şəhla Orucova deyir ki, bu proses ilkin olaraq valideynin müəssisəyə təqdim etdiyi diaqnoz əsasında həyata keçirilir: "Müəssisədə bir ay uşağın adaptasiya dövrü hesab edilir. Müəyyən zaman çərçivəsində qarşılıqlı tanışma dövrü keçilir. İlkin olaraq onu qiymətləndirsək, yanlış olar. Bir ay tamam olduqdan sonra diaqnostik qiymətləndirmə aparılır. Nəticə valideynlə birgə izlənilir. Qiymətləndirmədən sonra uşaqların əvvəlki bacarığı ilə sonrakı bacarığı yoxlanılır. Nəticədə məlum olan mənfiləri aradan qaldırmaq üçün valideynə söz veririk. Uşaqda izlədiyimiz yarım müsbət xüsusiyyətlər isə tam müsbətə çevrilənədək üzərində mütəxəssislər işləyir. Amma elə qüsurlar var ki, bəzən bu bizim gücümüz daxilində olmur. Bunu valideynlər də anlayır".
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisənin bir özəlliyi isə ondan ibarətdir ki, burda çalışanlar arasında övladları fiziki qüsurla doğulan mütəxəssislər də fəaliyyət göstərir: "Çünki məhz həmin şəxslər əvvəlcə qüsurlu uşaqla necə davranmaq lazım olduğunu gözəl bilir. Bizim üçün bu müəssisədə bilik və təcrübə əsas götürülsə də, mərhəmət hissi daha vacib element sayılır. Yəni sırf insaf! Çünki bu azyaşlılar cəmiyyətimizin çox həssas və köməksiz təbəqəsi hesab olunur".
Şəlalə Orucovanın sözlərinə görə, müəssisədə tərbiyə alan uşaqlar bir müddət sonra uşaq bağçaları və körpələr evlərinə göndərilir. Çünki onların sağlam uşaqlarla bir cərgədə olması, sosiallaşması vacib şərtlərdəndir.
Mütəxəssis müəssisənin ödənişli olduğunu deyir: "Burda qiymət uşaqların sağlamlıqları və diaqnozlarına görə dəyişir. Ortalama qiymət 800 manat nəzərdə tutulur. 500 manatdan başlayır. Qiymət paketi valideynlərə qəbul zamanı təqdim olunur. Yəni uşaqlar yarım günlük paketin qiyməti 500, gün ərzində 800-1000 manat arasında dəyişir".
Müəssisənin yerləşdiyi ünvan da xüsusi olaraq seçilib. Çünki xüsusi qayğıya ehtiyacı olan azyaşlılar görmə, eşitmə və danışıq qabiliyyətindən məhrum olduqlarından, bu məsələyə diqqət yetirilir ki, onların təhlükəsizliyi tam təmin olunsun.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub