İki ailə məhv oldu - İSMAYILLIDAKI QƏZANIN TƏFƏRRÜATI
Ötən gecə İsmayıllı rayonunda baş verən avtomobil qəzasında ölən 7 nəfərin hamısının və xəsarət alan Böyük Britaniya vətəndaşının adı dəqiqləşib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb və dünyasını dəyişən 7 nəfərin meyiti zərbənin təsirindən tanınmaz hala düşüb. Bu səbəbdən onlardan 3-nün adını hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub.
Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindən verilən məlumata görə, İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində 99 DF 907 dövlət nömrə nişanlı “Opel Zafira” və 99 AL 238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Opel Zafir”da olan şəxslər - 1964-cü il təvəllüdlü Şəki sakini Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
“Opel Zafira”ya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantaları tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların dünyasını dəyişdiyi barədə səhv qənaətə gəliblər və KİV nümayəndələrinə ölən uşaqların adını yanlış veriblər. Sonradan tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti tam dəqiqləşdirilib.
Qəza nəticəsində ağır xəsarətlər alan “Toyota Prado”nun sürücüsü olan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Uilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Opel Zafira”da sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən şəxslərin meyitlərini çıxarıblar. Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub