ABŞ-ın neft ehtiyatları azalır, “qara qızıl” bahalaşır

ABŞ-ın neft ehtiyatlarının azalması “qara qızıl”ın qiymətinə pozitiv təsir göstərib. APA TV-nin məlumatına görə, bazar ertəsi qiymətlər bahalaşdıqdan sonra dünən birjalarda neftin qiymətində ucuzlaşma qeydə alınıb. Axşam saatlarında Amerika Neft İnstitutu gözlənilən həftəlik hesabatı açıqlayıb, hesabata əsasən, ölkənin kommersiya neft ehtiyatlarının həcmi bir həftə ərzində 761 min barel azalıb. Analitiklər hesabatın əksinə olaraq ehtiyatların həcminin 2,3 milyon barel artacağını gözləyirdilər.

 

Neft ekspertlərinin benzin ehtiyatlarının həcminə dair proqnozları da özünü doğrultmayıb. Ekspertlər ehtiyatların 962 min barel azalacağını gözləyirdi, Amerika Neft İnstitutu isə ehtiyatların 1,5 milyon barel artdığını bildirir. Bu, ABŞ-da neft emalı zavodlarının “Harvi” və “İrma” qasırğalarından sonra əvvəlki gücünü bərpa etməsi ilə izah olunur.

 

Bu gün axşam saatlarında ABŞ Energetika Nazirliyi ölkənin neft və benzin ehtiyatlarının həcminə dair rəsmi hesabatı açıqlayacaq. Nazirliyin hesabatı Amerika Neft İnstitutunun hesabatından həmişə ciddi fərqlənir.

 

Hazırda Birjalarda “Brent” markalı neftin bir bareli 58,31 dollara satılır, Qərbi Texas nefti isə 52,30 dollara təklif olunur. İki marka arasında fərq hələ də 6 dollar təşkil edir, lakin növbəti günlərdə bu fərqin azalacağı gözlənilir. Həftə ərzində neftin qiymətinə təsir edəcək əsas faktor yenə də İraqın şimalında baş verən proseslərdir. Türkiyənin Şimali İraqdan neft daşımalarını dayandırması neftin qiymətini bahalaşdıra bilər. Bu bölgədən Türkiyə ərazisindən keçməklə dünya bazarına hər gün 600 min barelə yaxın neft daşınır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR