İki avtomobil toqquşdu, 7 nəfər öldü - İSMAYILLIDA DƏHŞƏTLİ QƏZA

İsmayıllı rayonunda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Opel” markalı minik avtomobili qarşı tərəfdən gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan FHN-in İsmayıllı rayonu üzrə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri kəsici alətlər vasitəsilə deformasiyaya uğrayan “Opel Zafira” markalı avtomaşında sıxılmış vəziyyətdə qalaraq dünyasını dəyişən şəxslərin meyitlərini çıxarıb.

Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarə etməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Qəbələ Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparıldığı bildirilir.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR