Bakıda avtomobillərdən oğurluq edənlər tutuldu - POLİS ƏMƏLİYYAT KEÇİRDİ
Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı vətəndaşlara məxsus şəxsi nəqliyyat vasitələrindən pul, mobil telefon və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.
APA TV xəbər verir ki, paytaxt sakinlərindən birinin müraciəti əsasında paytaxt polisi Bakının Binəqədi rayonu ərazisində “Fiat” markalı avtomobildən naməlum şəraitdə 1 ədəd mobil telefon oğurlanılması faktının üstünü açıb. Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Məstanov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onun sentyabr ayı ərzində Binəqədi rayonu ərazisində daha 3 nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladığı üzə çıxıb. E.Məstanov oğurladığı həmin mobil telefonları sonradan paytaxtın müxtəlif ərazilərində dəyər-dəyməzinə satıbmış.
Qeyd edək ki, E.Məstanovun yaşadığı mənzilə baxış zamanı oradan 0,231 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Polis əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluqlar edən daha bir nəfər saxlanılıb. Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Rövşən Əşrəfov tutulub.
Qeyd edilən faktlarla bağlı Binəqədi və Xətai Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub