Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

Bakı Nəqliyyat Agentliyi sentyabrın 27-də paytaxtda keçiriləcək "Qarabağ" - "Roma" oyunu ilə əlaqədar hazırlıq işləri görür.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan klubunun Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində doğma divarlar arasında keçirəcəyi ilk görüşü izləyəcək biletli azarkeşlərin stadion ərazisinə rahat və təhlükəsiz gəlişini təmin etmək üçün ekspress xətt avtobusları müəyyənləşdirilib.

 

BNA-nın mətbuat katibi Mais Ağayevin sözlərinə görə, əvvəlcədən müəyyən edilən plana uyğun olaraq biletli azarkeşlər saat 16:30-dan etibarən metronun "Qara Qarayev" stansiyasının qarşısından "X1 Express" xətti, metronun "Gənclik" stansiyasının qarşısından "X2 Express xətti" üzrə Bakı Olimpiya Stadionuna daşınacaq. Gələn tamaşaçılar mütləq şəkildə şəxsiyyət vəsiqələrini və biletlərini özləri ilə gətirməlidirlər.

 

Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat terminalında hərəkətin təhlükəsizliyi üçün zəruri olan infrastruktur yaradılır. Sabah Bakıda keçiriləcək "Qarabağ" - "Roma" oyununa gələn azarkeşlərin maneəsiz hərəkətini təşkil etmək üçün Bakı Olimpiya Stadionu qarşısında hazırlıq işləri görülür, təhlükəsizlik baryerləri quraşdırılır: "Mərasim bitdikdən sonra da azarkeşlər ekspress xətt avtobuslarla fasiləsiz və təhlükəsiz şəraitdə operativ şəkildə metronun "Qara Qarayev" və "Gənclik" stansiyalarına geri daşınacaq. Biletli azarkeşlərin ekspress xətt avtobusları ilə Bakı Olimpiya Stadionuna, eləcə də əks istiqamətdə daşınması ödənişsiz həyata keçiriləcək".

 

Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, Bakı Metropoliteni də "Qarabağ" - "Roma" oyunu ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq: "Biz əvvəlcədən tədbirlərimizi görmüşük, gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik. Artıq bütün proqramlar qurulub, planlar hazırlanıb, təsdiqlənib. Biz tam hazırıq, xüsusi qrafik tərtib etmişik, istər təhlükəsizlik, istərsə də sərnişin axınının qarşısını almaq üçün bütün planlar hazırdır".

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi də “Qarabağ” - “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirlərini gücləndirəcək. Həmin gün futbolu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərə yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmək tövsiyə olunub.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR