Neftin qiyməti 59 dolları keçdi, bazarda balans yaranmağa başlayır

OPEK üzvlərinin hasilatı azaltmaq haqqında öhdəliyə 116% əməl etməsi qara qızılı bahalaşdırıb.

 

APA TV-nin məlumatına görə, Rusiyanın energetika naziri Aleksandr Novak qlobal neft paktının müddətinin uzadılmasına dair rəsmi danışıqların yanvardan tez keçirilməyəcəyini açıqlayıb. Neftin bahalaşmasına digər səbəb razılaşmada iştirak etməyən Liviya və Nigeriyanın aylıq hasilatın həcmini 2-3% azaltmağa razılıq verməsi olub.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İraqın şimalında neft nəqlini dayandıracaqları barədə bəyanat da qiymətləri dəstəkləyib. Bu açıqlamalardan sonra “Brent” markalı neftin qiyməti illik maksimumu yeniləyərək 59,02 dollara çatıb. Qərbi Texas nefti isə gözlənilən səviyyədə bahalaşmayıb, WTİ neftinin bir bareli 52,12 dollardan təklif olunur. İki marka arasında qiymət fərqinin ilk dəfə 7 dollara çatması OPEK-in qiymətlərin müəyyənləşməsində itirdiyi dominant rola yenidən sahiblənməsi sayılır.

 

Analitiklərin fikrincə, artıq neft bazarında balans yaranmağa başlayıb, bundan başqa İraqdan neft nəqlində yarana biləcək problemlər səbəbindən bazarda bir müddət tələbat təklifi üstələyəcək. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR