İran İraqla sərhədi bağladı, uçuşlara qadağa qoydu, hərbi təlimlərə başladı

İran İraqla sərhədləri bağlayıb. APA TV-nin "Mehr" agentliyinə istinadən məlumata görə, bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi açıqlayıb.


O qeyd edib ki, Tehranın mövqeyi Şimali İraq Kürd Muxtariyyətində keçirilən "referendum"a dəyişməz qalır. Ölkəsinin İraqın suverenliyinə və milli bütövlüyünə hörmət etdiyini deyən nazirlik sözçüsü, Bağdad hökumətinin atacağı addımları dəstəkləyəcəklərini bir daha vurğulayıb.

Bununla yanaşı İranda dünəndən İslam İnqilab Keşikçilərinin quru qoşunları İraq sərhədi yaxınlığında təlimlərə başlayıb. İran tərəfi həmçinin İraqın şimalından hər iki istiqamətdən aviareysləri dayandırıb.


Xatırladaq ki, Türkiyədə daha öncə eyni addımı atıb və İraq sərhədindəki "Habur" keçid məntəqəsini bağlayıb.

Bundan öncə isə Türkiyə və İran dövlət başçılarının arasında telefon danışığı olub.

Bu arada Türkiyənin dövlət başçısı bəyan edib ki, Türk Silahlı Qüvvələri İraqla sərhəddə təxirəsalınmaz tədbirlərə başlayıb.

Ərdoğan həmçinin rəsmi Ankaranın İraqın şimalından neftin idxalını dayandıra biləcəklərini istisna etməyib:

"Bundan sonra görək onlar nefti hansı yollarla və kimə sata biləcəklər" - deyə, Ərdoğan qeyd edib.

Bundan əlavə Ankarada İraqın şimalına iqtisadi-ticari sanksiyaların tətbiqi məsələsi gündəmə gətirilib.
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR