11 kilometrdə 45 maneə: Bakıda ilk ekstremal yarış - REPORTAJ

Sentyabrın 23-də Bakıda ilk dəfə olaraq maneəli ekstremal “Mübarizlər” yarışı baş tutub.

 

APA TV-nin xəbərinə görə, FHN-in Təlim Tədris Mərkəzində həyata keçirilən yarışa 45 komanda, ümumilikdə isə 1800-ə yaxın iştirakçı qatılıb.

 

Daha sonra yarışın təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini və Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, AZAL prezidenti Cahangir Əsgərov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, digər dövlət və hökumət nümayəndələri iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə "Mübarizlər" yarışının Rusiyada dəfələrlə keçirildiyini diqqətə çatdırıb: "Bakıdakı yarış Rusiyadakı yarışların nümunəsi əsasında keçirilir. Milli Olimpiya Komitəsinin rəhbərliyi adından təşkilatçılara təşəkkürümü bildirirəm".

 

"Mübarizlər" layihəsinin rəhbəri Elvin İsmayılov deyib ki, Azərbaycan son illər ən öndə gedən idman ölkələrindən birinə çevrilib. Layihənin yaradıcısı Kseniya Şoyqu yarışın təşkilinə görə Azərbaycana təşəkkürünü bildirib: “Mən bir müddət əvvəl burda olmuşdum, o zaman belə bir şərait yox idi. Lakin indi hər cür gözəl şərait yaradılıb. Yarışın iştirakçılarına uğur arzulayıram”.

 

Daha sonra Azərbaycan və Rusiyanın dövlət himnləri səsləndirilib və yarışa start verilib.

 

Gərgin keçən yarışmada maraqlı anlar da yaşanıb. Çətinliklərə dözə bilməyənlər təslim olub.

 

Layihənin rəhbəri Elvin İsmayılov bildirib ki, yarış Azərbaycanda ilk dəfə keçirilməsinə  baxmayaraq, iştirakçıların sayı yetərincədir: "Bu, bizi çox sevindirir. Ümid edirəm ki, biz Azərbaycanın digər bölgələrində də keçirəcəyik, Azərbaycanın ən sevilən idman tədbirinə çevirə biləcəyik. Əsas bu yarışın təşkilində prioritet insanların təhlükəsizliyini təmin etmək idi. Gördüyünüz qədəri ilə bunu bacardıq".

 

Daha sonra yarışının qalibləri müəyyənləşib. Nəticələrə əsasən, kişi iştirakçılardan 10 nəfər, qadın iştirakçılardan isə 5 nəfər qalib elan olunub. Qaliblərə diplom və pul mükafatları təqdim olunub. Yarışma əyləncəli proqramla davam etdirilib.

 

Qeyd edək ki, yarış FHN, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin (MOK) və “Gilan Holding”in təşkilati dəstəyi ilə baş tutub. Layihənin informasiya dəstəyi APA-ya məxsus olub.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR