Türkiyə İraqla sərhəd-keçid məntəqəsini bağladı - ANKARADAN BƏRZANİYƏ XƏBƏRDARLIQ

Türkiyə İraqla sərhəddə yerləşən Habur sərhəd keçid məntəqəsini bağlayıb.

 

APA TV-nin məlumatına görə, Şimali İraqda müstəqil kürd dövləti üçün keçirilən referendumla bağlı Türkiyə Xarici İşlər Nazirliyindən verilən "referendumu tanımırıq" açıqlamasından sonra Habur keçid məntəqəsi də bağlanıb. Məntəqənin fəaliyyəti muxtar vilayətdə səsvermə başlayandan sonra dayandırılıb.

 

XİN-in bəyanatında milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb.

 

Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcə İraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atan İraq Kürdüstanının bu təşəbbüsünün təəssüflə qarşılandığı bildirilir. 

 

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani isə Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: "Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik". 

 

M.Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR