Prezident Neftçala və Salyana səfər edib

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neftçala rayonuna səfərə gəlib. APA TV-nin məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Prezident daha sonra Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. Bildirilib ki, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb. Dövlət başçısı Neftçala Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə də yaxından tanış olub.

Daha sonra prezident İlham Əliyev 110/35/6 kV-luq “Neftçala” yarımstansiyasının açılışında iştirak edib. “Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.

Bildirilib ki, şəhərin və rayonun su təsərrüfatını elektrik enerjisi ilə təmin edən 35 kV-luq yarımstansiyanın məhz “Neftçala” yarımstansiyasından qidalandırılması nəzərdə tutulub. Bundan əlavə, Neftçalada yeni yaradılan Sənaye Məhəlləsi bu yarımstansiyadan qidalanacaq.

Ölkə başçısı Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, xəstəxanadakı 11 şöbədə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq. Xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib.

Digər istehsal və sənaye sahələrində, əkin sahələrinə suvarılma suyunun verilməsi mərasimində iştirak edən dövlət başçısı yerli pambıqçılarla da görüşüb.

Prezident İlham Əliyev daha sonra Salyan rayonuna gəlib. Əvvəlcə Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edən dövlət başçısı burada da bəzi sənaye sahələrinin açılışında iştirak edib.

Ölkə başçısı səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında olub. Prezidentə bildirilib ki, “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib.

İlham Əliyev Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında da iştirak edib. Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb.

Dövlət başçısı daha sonra 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib, məktəbdə yaradılan şəraitlə yaxından tanış olub. Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Dövlətimizin başçısı həmçinin Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib. Ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb.

Azərbaycan prezidenti İlham Əliyevin Neftçala və Salyan rayonlarına səfəri elə həmin gün başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR