Zaqatalanın Yuxarı Tala kəndindəki meşə yanğınları lokallaşdırılıb

Bu gün axşam saat 18:10 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyindən Zaqatala rayonu Yuxarı Tala kəndinin inzibati ərazisindən keçən hissəsində yüksək dağlıq ərazidə yanğın başlayıb.

APA TV-nin Şəki-Zaqatala bürosu xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında çətin keçilən dağlıq ərazidə kol-kos, quru ot və qurumuş ağacların qalıqları yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğınsöndürmə işlərinə cəlb olunub.

Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb. Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR